Qum, Məşhəd və İsfahan kimi mühüm dini təhsil mərkəzlərindən bir qrup tanınmış iranlı alim və din xadimi İnqilab Rəhbəri Ayətullah Seyyid Müctəba Xameneiyə məktub ünvanlayıb.
İslamazeri.com YDH saytına istinadən xəbər verir ki, məktubda onlar nüvə silahının hazırlanmasını qadağan edən tarixi fətvanın yenidən nəzərdən keçirilməsinə çağırış ediblər.
İran İslam Respublikasının aparıcı dini alimləri və universitet tədqiqatçıları ölkənin nüvə siyasəti ilə bağlı strateji tələb irəli sürüblər.
Din xadimləri çıxışlarının əvvəlində şəhid İnqilab Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin fiqhi və siyasi irsinə, eləcə də İslam Respublikası sisteminə sadiqliklərini vurğulayıblar. Onlar dəyişən regional şərait fonunda “nüvə silahı” ilə bağlı fətvanın yenidən qiymətləndirilməsinin zəruri olduğunu bildiriblər.
Məktub müəllifləri qeyd ediblər ki, Ayətullah Əli Xameneinin nüvə silahlarının istehsalı və istifadəsini qadağan edən məşhur fətvası həmin dövrün xüsusi şərtlərinə əsaslanırdı. Bu fətva İslamın sülh və ədalət prinsiplərinə bağlılığının göstəricisi kimi beynəlxalq səviyyədə “şərəf sənədi” hesab olunurdu.
Bununla yanaşı, alimlər regionda və dünyada təhlükəsizlik mühitinin ciddi şəkildə dəyişdiyini, İslam düşmənlərindən gələn təhdidlərin artdığını və müqavimət cəbhəsinə qarşı müharibələrin genişləndiyini vurğulayıblar.
Onlar fətvanın yenidən nəzərdən keçirilməsini aşağıdakı fiqhi prinsiplərlə əsaslandırıblar:
- zaman və məkanın dəyişməsi ilə hökmün mövzusunun dəyişməsi,
- zərər verməmək prinsipi,
- sistemin qorunmasının ən vacib vəzifələrdən biri olması.
Din xadimləri bildiriblər ki, bu prinsiplər və qanuni müdafiə hüququ nəzərə alındıqda, İslam sisteminin düşmən təhdidlərinə qarşı maksimum təhlükəsizlik və çəkindiricilik əldə etməsi üçün bəzi əvvəlki fətvaların yenidən nəzərdən keçirilməsi “yalnız mümkün deyil, bəzi hallarda zəruri” hesab edilə bilər.
Alimlər son qərarın özlərinə aid olmadığını, bu müraciəti yalnız məsuliyyət və sistemi qoruma niyyəti ilə etdiklərini qeyd ediblər.
Məktubun sonunda onlar İnqilab Rəhbərinə müraciətlə bildiriblər ki, bu mühüm və strateji məsələnin yüksək həssaslıqla dəyərləndiriləcəyinə və xalqın yönləndirilməsi, həmçinin İslam İnqilabının qorunması üçün ən doğru qərarın veriləcəyinə inanırlar.
Məktub Mütəal Allahdan mövcud rəhbərə bu ağır məsuliyyətdə yardım etməsi və İslam Respublikası sistemini hər cür təhlükədən qoruması duaları ilə yekunlaşıb.