Sahibə Qafarova Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb
Yayınlanma tarixi: 13.03.2023 17:26:30

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Martın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Əl-Salehlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ortaq ümumi dini və mədəni dəyərlər dost ölkələrimizi birləşdirir. Azərbaycan və Bəhreyn BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq edirlər.

Vurğulanıb ki, spiker Sahibə Qafarovanın bu səfəri Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Bəhreynə həyata keçirilən ilk səfərdir. Qeyd olunub ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərir və bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət göstərirlər.

Tərəflər həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün inkişafı təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin ilk iclası 2021-ci ilin noyabrında Madriddə, ilk iclası isə ötən ilin iyul ayında Bakıda keçirilib. Spiker Sahibə Qafarova Bəhreyn parlamentinin nümayəndə heyətinin hər iki tədbirdə çıxışını yüksək qiymətləndirib. Milli Məclisin sədri bir daha vurğulayıb ki, Azərbaycan Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafına xüsusi önəm verir. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri kimi qeyd edib ki, Parlament Şəbəkəsi digər parlamentlərarası təşkilatlarla əməkdaşlığı genişləndirir. Şəbəkə Ərəb Parlamentində, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında və Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb. Bundan əlavə, dünən Parlament Şəbəkəsi ilə ASEAN PA arasında Anlaşma Memorandumu imzalanıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu gün keçiriləcək İkinci Konfransında 20-dən çox parlament sədri və 50-dən çox nümayəndə heyəti iştirak edəcək.

Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh ölkəsinin Azərbaycanla münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. O, Hərəkatın Parlament Şəbəkəsində fəaliyyətə böyük önəm verdiyini bildirib, təsis və birinci konfransda təmsil olunmalarının bunun təsdiqi olduğunu söyləyib. Şura Məclisinin sədri Parlament Şəbəkəsinin ikinci konfransının da uğurla baş tutacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ