Məleykə Abbaszadə ixtisas seçimində abituriyentləri diqqətli olmağa çağırıb.
Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib.
İslamazeri.com xəbər verir ki, M.Abbaszadə mərkəzin sosial şəbəkə hesabında canlı yayım zamanı çıxışında bildirib ki, abituriyentlər çox zaman müxtəlif şəxslərin fikirlərinə, qeyri-rəsmi saytlarda yayılan məlumatlara əsaslanırlar.
DİM sədri abituriyentlərin həmin məlumatlara güvənməməyi məsləhət görüb:
"Çünki onlar səhv ola bilər. Əsas və etibarlı məlumatlar rəsmi mənbələrdə, xüsusilə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunur. Buna görə də ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə həmin jurnallarda yayımlanan məlumatlarla tanış olmağı tövsiyə edirik. Seçim edərkən abituriyentlər ilk olaraq öz istəklərini nəzərə almalıdır.
Elə şəxslər tanıyıram ki, 7 il ərzində istədiyi ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak edib və sonda uğur qazanıblar. Amma siz özünüzə sual verməlisiniz: buna hazırsınızmı?! Əgər hazır deyilsinizsə, lakin həmin istiqamətdə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, hansı ixtisasları seçə bilərsiniz? Orta ixtisas təhsili müəssisələri, kolleclər var. Həmin sahədə qalmaq üçün kollecləri də seçə bilərsiniz. Bu suallara hər biriniz özünüz cavab verməlisiniz. Nəhayət, məsuliyyət məsələsi var. Sizə məsləhət verə bilərlər, amma qəbul etdiyiniz qərarın məsuliyyəti sizin üzərinizdədir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz. Sizə məsləhət verən insanlar isə həmin yolda hər zaman yanınızda olmayacaqlar".
Qeyd edək ki, avqustun 12-dən 19-na kimi davam edəcək ixtisas seçimi bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.