İranda məktəblərdə zəhərlənmələrlə bağlı qurumlar iclas keçirib.
İranda noyabrın 30-dan 230 məktəbdə 5 mindən çox tələbənin zəhərləndiyi bildirilib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, məlumatı İSNA yayıb.
Qeyd edilir ki, İran parlamentinin zəhərlənmə hallarının araşdırılması komissiyasının üzvü Məhəmməd Həsən Asferinin sözlərinə görə, kütləvi zəhərlənmə hallarına dair dünən Kəşfiyyat, Daxili İşlər, Təhsil, Səhiyyə Nazirliklərilə İnqilab Keşikçiləri və Polis Təşkilatı nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
İclasda təqdim olunan hesabatlara toxunan Asferi 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdəki 230 məktəbdə 5 mindən çox oğlan və qız tələbənin zəhərləndiyini açıqlayıb.
Zəhərlənmənin səbəbini müəyyən etmək üçün müxtəlif testlər aparıldığını bildirən İran rəsmisi zəhərin növü və ya mənbəyini müəyyən etmək mümkün olmadığını və araşdırmaların davam etdiyini bildirib.
Asferi qeyd edib ki, təsdiq olunmayan məlumata görə, bəzi yerlərdə çürük meyvə qoxusuna bənzər qaz emissiyasının olduğu barədə ifadələr var.
Araşdırma Komissiyasının üzvü Asferi əlavə edib ki, Səhiyyə Nazirliyi hadisəni ciddi şəkildə izləyir və nazirlikdən nəticə gözlənilir.
Xatırladaq ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir.
Səbəbi hələ dəqiq açıqlanmayan zəhərlənmə halları ilə bağlı rəsmilər “Məktəblərdə istifadə edilən zəhərin tərkibində N2 (diazot) qazının olduğu müəyyən edilib” deyə açıqlama verib.
Qeyd edək ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ölkədə baş verən zəhərlənmə hadisələri ilə bağlı qurumlara tapşırıq verib. O zəhərlənmə məsələsinin qəsdlə edildiyi sübut olunacağı təqdirdə, bu işi görənlərin ciddi cəzalanacağını qeyd edib.