Rusiya: Dəniz nüvə qüvvələrimiz tam hazırlıq vəziyyətindədir.
İslamazeri.com xəbər verir ki, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini və Dəniz Şurasının rəhbəri Nikolay Patruşev Rusiyanın strateji nüvə dəniz qüvvələrinin tam hərbi hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Patruşev Rusiya Hərbi Dəniz Qüvvələrinin həm sərhədləri daxilində, həm də xaricində ölkənin milli maraqlarını qorumaq missiyasını davam etdirdiyini vurğulayıb.
Sputnik xəbər agentliyinə danışan Patruşev deyib: "Strateji nüvə dəniz qüvvələrimiz tam hərbi hazırlıq vəziyyətindədir".
O, əlavə edib ki, dəniz qüvvələri öz vəzifələrini yalnız ölkə sərhədlərinə yaxın ərazilərdə deyil, həm də qlobal okeanın müxtəlif hissələrində yerinə yetirirlər.
Patruşev qeyd edib ki, potensial düşmənlərdən gələn bütün təhdidlər dəniz qüvvələrinin inkişaf planlarında nəzərə alınır və 2050-ci ilə qədər inkişaf strategiyası və eyni dövrü əhatə edən hərbi gəmi tikintisi proqramının layihəsi hazırlanıb.
Rusiya Prezidenti Vladimir Putin də 2024-cü ilin oktyabrında strateji nüvə çəkindirmə qüvvələri təlimini yoxlayarkən bu mövzuda açıqlamalar vermişdi.
Putin Moskvanın yeni silahlanma yarışına girməyəcəyini, lakin nüvə qüvvələrini ölkənin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər səviyyədə saxlayacağını bildirmişdi.
Xatırladaq ki, o zaman Putin nüvə silahına əl atmağın Rusiyanın təhlükəsizliyini təmin etmək üçün yalnız "son çarə" olacağını vurğulamışdı.