Əgər insan düz yoldan və siratəl-müstəqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəhvət və sairə xəstəliklər burulğanına düşər...
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Kim əlində mal olmadan ehtiyacsız, qohum-əqrəbası və qulluqçusu olmadan əziz və möhtərəm, ictimai qüdrət və vəzifə başında olmadan əzəmətli və mətanətli olmaq istəyirsə, özünü günah və itaətsizlik xarlığından çıxarsın və öz Rəbbinə itaət izzətinə birləşdirsin».
Əlbəttə, heç şübhəsiz ki, mal insanı ehtiyacsız edir, qohum-əqrəbası olmaq insanın izzət və ehtiramını artırır, ictimai qüdrətə malik olmaq insanın əzəmətini çoxaldır. Lakin bunların hamısı maddi vasitələr olduğu üçün məhduddur. Yəni bütün insanlar onları hər şeydən ehtiyacsız edəcək qədər mala malik ola bilmirlər. Həmçinin hamının o qədər yaxşı qohum-əqrəbası olmur ki, o, həmin qohum-əqrəbanın sayəsində və onların himayəsi nəticəsində hörmətli həyat yaşasın, məhdudluğu labüd olan və yalnız müəyyən şəxslərin ixtiyarında olması mümkün olan ictimai qüdrətlər onların əlində olsun. Lakin bir növ ehtiyacsızlıq, izzət və əzəmət var ki, Allah-taala onu insanların hamısının arasında bərabər şəkildə bölüb və ondan hamı yararlana bilər, sadəcə bir az agahlıq və zəhmət tələb edilir. Bu, həyatda Allahı tanımaq, təqva və dindarlıq əsasında möhkəm prinsiplərin əldə edilməsidir. Əqidəyə, məsləkə, əxlaqi və mənəvi şəxsiyyətə malik Allahı tanıyan, təqvalı və pak ruhlu insana istər-istəməz hamı hörmət edir və onu hamı sevir. O, sevilməklə yanaşı, əzəmət, cəlal və heybətə də malik olur, eyni zamanda, ehtiyac hiss edəndə bütün insanları özü kimi və öz qardaşı hesab edir, özünü insanların həyat və xoşbəxtliyinə şərik bilir. Bəli, maddi nemətlər məhduddur və bölünmüşdür. Əgər insanın arzularının əsası maddi ehtiyaclar olsa, heç vaxt onları əldə edə bilməyəcək. Çünki hansı arzusuna çatsa, gözünün qarşısında daha böyük arzu canlanacaq və o, daim iztirab və nigaranlıq hiss edəcək, heç vaxt xoşbəxtliyin rəmzi olan xatircəmlik və rahatlıq əldə edə bilməyəcək. Lakin mənəvi işlər insanı qane edir və ona rahatlıq və xatircəmlik gətirir. Buna görə də böyük şəxsiyyətlər deyiblər ki, puç dünya arzuları şor su kimidir. Şor su insanın susuzluğunu nəinki yatırtmır, əksinə, onun susuzluğunu daha da artırır və insan ondan daha da çox içir və sonda həmin su onu öldürür:
Eşitmisən ki, Qur səhrasında bir başçının yükü minikdən düşdü;
dedi: «dünyapərəstin ac gözünü ya qənaət doldurar, ya da qəbrin torpağı».
Böyük şəxsiyyətlər bunları bizi tamah və hərislik burulğanından çıxarmaq və bizim həyatımızı düzgün və xoşbəxt prinsiplər üzərində nizamlamaq üçün deyiblər. Onların məqsədi bu məsələləri deməklə, bizi həyatın qanunlarına laqeyd etmək və nəticədə, bizim tənbəlləşməyimiz və heç bir işə qol qoymamağımız deyil. İnsan həyatın bu əzəmətli dəryasında hərəkət etməli və nəzərdə tutulan sahilə çatmalıdır. Lakin ağıl və elm gəmisinin müntəzəm hərəkət etməsi bir məsələdir, hərislik, tamah paxıllıq, rəqabət və kin burulğanına düçar olmaq başqa bir məsələ. Dənizin ortasında burulğana düşən və suyun böyük qüdrətinin fırlatdığı şəxs də hərəkətdədir, lakin bu hərəkət nicat sahilinə doğru deyil, məhvə doğru hərəkətdir. Müqəddəs peyğəmbərlər silsiləsinin onun ilk və ən yaxşı bələdçiləri olduğu həyat prinsipi və düzgün həyat yolunda hərəkət etmək, insanın hərislik və tamah burulğanına düşməsindən, heç bir düzgün hədəfə malik olmadan dəlicəsinə sərvət toplamaqla məşğul olmasından ayrıdır. Bu cür sərvət toplamaq ictimai hüququ, cəmiyyətin hüquqlarını pozmaq baxımından günah olmaqdan əlavə, fərdi və şəxsi baxımdan da əzab, bədbəxtlik və çətinliklərə qatlaşmaqdan başqa bir şey deyil. Çünki bir ömür zəhmət çəkib məşəqqətlərə qatlaşaraq bütün vaxtını sərvət toplamağa sərf edən şəxs daha özünə mütaliə etmək, dünya teatrına tamaşa etmək, həyatın məna və ruhundan bir şey dərk etməyə vaxt saxlamır. O, hətta həmin maldan maddi istifadə etməyə də vaxt tapmır. Deməli, əslində, bu adamın payı bir əzab-əziyyətlər olur, bir də axirət məşəqqət və məsuliyyətləri.
Həzrət Əli (ə) buyurur ki, bəzi adamlar təəccüb doğururlar. Onlar dünyada xəsislik, simiclik ucbatından yoxsullar kimi yaşayan, amma axirətdə varlılar kimi «haradan gətirdin?», «nə üçün topladın və xərcləmədin?» yaxud «nə üçün filan puç işə xərclədin?» soruşularaq hesabat verməli olan kəslərdir. Maraqlıdır ki, onlar simiclik, xəsislik edərək, qorxduqları yoxsulluğa daha tez düçar olurlar və sevdikləri zənginlikdən gün-gündən uzaqlaşırlar. Çünki yoxsulun zəngindən fərqi budur ki, yoxsul yaxşı yeməklər yemir, zəngin isə yaxşı yeməklər yeyir, yoxsul yaxşı paltar geyinmir, zəngin isə geyinir, yoxsulun yaxşı evi və dolanışıq üçün yaxşı şərait qurmaq imkanı yoxdur, zənginin isə var. Maraqlıdır ki, bəziləri çoxlu mal və sərvətə malik olsalar da, xəsislik, simiclik ucbatından nə yaxşı yeyirlər, nə yaxşı geyinirlər, nə də özlərinə dolanışıq üçün yaxşı şərait qururlar. Buna görə deyirik ki, onlar malları olsa da, yoxsulluq içində yaşayırlar və zənginlikdən çox-çox uzaqdırlar.
Bəli, buna görə deyirik ki, əgər insan düz yoldan və siratəl-müstəqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəhvət və sairə xəstəliklər burulğanına düşər. Bəşəriyyətin böyük şəxsiyyətlərinin məqsədi bizi Allahın nemət və bəxşişlərindən məhrum etmək olmayıb, əksinə, onlar bizim əlimizdən tutub, bizi burulğanlardan qurtarmaq istəyiblər.
Şəhid Murtəza Mütəhərrinin "Hikmətlər və nəsihətlər" kitabından.
İslamazeri.com