İsrail parlamenti qondarma erməni soyqırımıyla bağlı təxirə salıb, lakin...

İsrail parlamenti qondarma erməni soyqırımıyla bağlı təxirə salıb, lakin...
Yayınlanma tarixi: 7/14/2026 12:55:48 PM

İsrail hökuməti Osmanlı İmperiyası dövrünə aid iddialarla bağlı hazırlanan qondarma erməni soyqırımının tanınması haqqında qətnamə layihəsinin parlamentdə (Knesset) səsverməyə çıxarılmasını təxirə salıb.

İslamazeri.com-un xəbər verir ki, "JNS" nəşrinin İsrail hökumətindəki adı açıqlanmayan rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, qərar Knessetin yay tətilinə çıxması ərəfəsində qəbul olunub. Parlament oktyabrın 27-də keçiriləcək milli seçkilərə qədər tətilə getdiyindən, qətnamə layihəsinə yalnız növbəti çağırış parlamentin iclaslarında baxıla bilər.

Ötən ay layihəni nazirlər kabinetinə təqdim edən İsrailin xarici işlər naziri Gideon Saarın mətbuat xidməti məsələ ilə bağlı jurnalistlərin sorğularını cavablandırmaqdan imtina edib. Halbuki iyunun 28-də İsrail hökuməti qətnamənin parlamentə göndərilməsini yekdilliklə bəyənmiş, XİN rəhbəri isə bu addımı "tarixi borc" adlandırmışdı.

Sözügedən qətnamə layihəsinin səsvermədən çıxarılması regional diplomatik amillərlə əlaqələndirilir. Layihənin qəbulu İsrailin xarici siyasəti üçün kifayət qədər həssas mövzu olmaqla yanaşı, birbaşa olaraq ölkənin Türkiyə və Azərbaycan ilə münasibətlərinə təsir etmək potensialına malikdir.

Türkiyənin bu iddiaları qəti şəkildə rədd etməsi və beynəlxalq müstəvidə bu istiqamətdə atılan addımlara sərt reaksiya verməsi fonunda İsrail hökuməti səsverməni təxirə salmağa qərar verib.

İsrail indiyədək rəsmi səviyyədə bu iddiaları tanımaqdan çəkinsə də, Türkiyə ilə münasibətlərin kəskin şəkildə pisləşməsindən sonra məsələni yenidən gündəmə gətirmişdi. Baş nazir Benyamin Netanyahu 2025-ci ildə bu hadisələri iddia olunan kontekstdə adlandırsa da, rəsmi səsvermə prosesi növbəti dəfə təxirə düşüb.

GÜNÜN MANŞETLERİ