Birləşmiş Millətlər Təşkilatının sözçüsü Əfqanıstanda universitetlərdə qadınların təhsilinin dayandırılmasına cavab olaraq bunun çox narahatedici bir hal olduğunu bildirib.
Çərşənbə axşamı xəbər mənbələri Taliban Ali Təhsil Nazirliyinin Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi məktubda qızların universitetlərdə təhsilini növbəti xəbərdarlığa qədər dayandırdığını bildirib.
İslamazeri.com xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik deyib ki, Əfqanıstandakı universitetlərdə qadınların təhsilinin dayandırılması ilə bağlı bu hərəkət Talibanın üzərinə götürdüyü öhdəliklərin növbəti dəfə pozulmasıdır.
Düjarrik deyib: “Taliban hakimiyyətə gələndən bəri biz Əfqanıstanda qadın və qızlar üçün təhsilin və sosial məkanın məhdudlaşdırılmasının şahidi oluruq. Qadınların fəal iştirakı və təhsili olmadan bir ölkənin öz çağırış və problemlərinin öhdəsindən necə gələ biləcəyini təsəvvür etmək çətindir".