"Müsəlmanların müqəddəslərinə ağır təhqir: Kəbə örtüyü "Şeytan" Epşteynin əlinə necə düşdü?"
İslamazeri.com xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" portalı üçün Abbas Qadə məqalə dərc edib.
Məqaləni təqdim edirik:
"Kəbə örtüyü (Kisvə) əsrlər boyu müsəlmanların qəlbində sarsılmaz bir yerə sahib olub; o, heybətin, cəlallığın və ümmətin birliyinin rəmzidir. Məkkənin fəthindən sonra Peyğəmbər (s.a.v.v) Kəbəyə Yəmən qumaşından örtük örtdüyü vaxtdan bəri, İslam dövlətləri bu örtüyü hazırlamaq və göndərmək şərəfi üçün bir-birini əvəz ediblər. Əməvilər dövründə Dəməşq, Abbasilər zamanında Bağdad, Məmlüklər və Osmanlılar dövründə isə Qahirə bu missiyanı daşıyıb. Misir uzun əsrlər boyu örtüyü təntənəli və müqəddəs "Məhməl" mərasimləri ilə yola salaraq bu hadisənin əzəmətini nümayiş etdirib.
Lakin XX əsrin əvvəllərində regionda baş verən siyasi dəyişikliklər, xüsusilə 1925-ci ildə Əbdüləziz Al Səudun Hicazı ələ keçirməsi və "Misir Məhməli" hadisəsi ilə bu tarixi mənzərə dəyişdi. Həmin vaxtdan bəri müqəddəs məkanların idarəçiliyi ətrafında geniş mübahisələr yaranıb. Məkkə və Mədinədə bir çox İslam abidələri dini bəhanələrlə dağıdılarkən, bəzi digər yerlər turizm irsi kimi qorunub saxlanılır.
Bu gün isə böyük bir sual ortaya çıxır:
Kəbə örtüyü cinayətkar Ceffri Epşteynə necə çatdı və bu nə deməkdir?
Kəbə örtüyü Şeytanlar adasında
Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən ABŞ-dakı "Epşteyn adası"nda fəsad və azğınlıqla məşğul olanlara hədiyyə edilən bu parça, bütün sərhədlərin aşılması və müqəddəs dəyərlərə qarşı açıq bir təhqirdir. Bu hərəkətlər Səudiyyə rejiminin İslam və müsəlmanlara qarşı laqeydliyini nümayiş etdirir. Bu hadisə, Al Səudun ümmətin mənafeləri hesabına "israillilərə" göstərdiyi xidmətlərin gizli tərəfini ifşa edir.
Kəbənin müqəddəsliyi və Ali Səudun mövqeyi
Kəbə dünyadakı iki milyard müsəlman üçün məzhəbindən və dilindən asılı olmayaraq müqəddəs bir simvoldur. Lakin Səudiyyə rejimi bu toxunulmazlığı tapdalayır. Bir çoxları hələ də Səudiyyə hökmdarlarını "Xadimul-Hərəmeyn" (İki müqəddəs hərəmin xidmətçisi) kimi görərək aldanırlar. Halbuki bu, sionizmin gündəminə xidmət edən hökmdarların və bəzi Körfəz şeyxliklərinin müsəlmanların hisslərinə qarşı hörmətsizliyini ört-basdır edən böyük bir hiylədir.
Kəbə örtüyünün bir parçasının Ceffri Epşteynə çatması, İslam əleyhinə olan mənfur planların nə dərəcədə dərinə işlədiyini və dini simvolların düşmən məqsədlər üçün istifadə edildiyini təsdiqləyir.
Ali Səud və pozğun Epşteynlə əlaqə
Bu cinayət qarşısında hər bir müsəlman dayanmalı və düşünməlidir. Kəbə örtüyünün "Şeytanlar və pozğunlar adasına" göndərilməsi, Beytullahın əmanətçisi hesab olunan bir dövlətin müqəddəsata qarşı xəyanətidir. Al Səudun siyasəti müsəlmanların dəyərləri ilə tamamilə ziddiyyət təşkil edir. Sənədlər göstərir ki, onlar yəhudilərə və amerikalılara, indi isə Epşteyn adasının şeytanlarına daha yaxındırlar.
Bu hadisə təcrid olunmuş bir hal deyil; İbn Salmanın Kəbəyə bənzər konstruksiyalar (mücəssəmə) tikməsi, "əyləncə festivalları" adı altında Məkkə bölgəsində pozğunluq rəmzlərini gətirməsi bu böyük planın tərkib hissəsidir.
Məsuliyyətdən yayınma cəhdləri
Hazırda Səudiyyə mediası bu rəzalətin məsuliyyətini BƏƏ-nin üzərinə yıxmağa çalışır, BƏƏ isə öz növbəsində Səudiyyəni günahlandırır. Lakin həqiqət budur ki, Kəbə örtüyü hər il dəyişdirilir və köhnə parçalar "Hərəmeyn İşləri üzrə Ali Rəyasət Heyəti"nin anbarlarında saxlanılır. Bu parçalar yalnız həmin qurumun rəsmi razılığı, möhürü və imzası ilə dünyanın tanınmış şəxslərinə və ya dövlət başçılarına hədiyyə edilə bilər.
Sual yaranır: Epşteynə gedən bu parça Şeyx əs-Sudaysin xəbəri olmadan çıxa bilərmi? Yoxsa bu, onun birbaşa imzası ilə baş verib? Bu, yüksək səviyyəli rəsmilərin bu cinayətdə iştirakını ortaya qoyur.
Nəticə etibarilə, Kəbə örtüyünün hər hansı bir parçası Səudiyyə hakimiyyətinin rəsmi icazəsi olmadan Məkkədən çıxarıla bilməz. Al Səud iki milyard müsəlman itiqadını aşağılayaraq, Məkkə və Mədinədə Peyğəmbər dövrünün izlərini silib yerində otellər və restoranlar tikməklə İslamın müqəddəs rəmzlərini yox etməyə çalışır."
