Şeyx Naim Qasim: İsrail Livanda böyük itkilər verib

Şeyx Naim Qasim: İsrail Livanda böyük itkilər verib
Yayınlanma tarixi: 5/25/2026 11:50:22 AM

Hizbullah hərəkatının baş katibi Şeyx Naim Qasım Livanın "Müqavimət və Azadlıq Günü" münasibətilə etdiyi çıxışda ölkədəki mövcud hökuməti sərt tənqid edib, İsrail və ABŞ-la münasibətlərə dair mühüm bəyanatlar səsləndirib.

İslamazeri.com-un xəbərinə görə,  baş katib hazırkı Livan rəhbərliyini rəsmi Təl-Əvivin tələbləri qarşısında ard-arda güzəştə getməkdə ittiham edib.

Hökumətin fəaliyyətsizliyini tənqid edən Naim Qasım bildirib: "Əgər bu hökumət ölkənin suverenliyini təmin etməkdə acizdirsə, istefa verib getməlidir. Bir il yarım ərzində nə etdiyinizi xalqa izah edin".

Hizbullah rəhbəri ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan birbaşa danışıqları tamamilə rədd etdiklərini və bunun yalnız İsrailin maraqlarına xidmət etdiyini vurğulayıb. O, Livan rəhbərliyini bu yoldan çəkinməyə və dolayı danışıqlar tarixinə qayıtmağa çağırıb.

Hizbullahın silahsızlaşdırılması tələblərinə də toxunan Naim Qasım bunun ölkənin müdafiə gücünü yox etmək mənasına gəldiyini qeyd edib: "Silahların təhvil verilməsi Livanın məhvinə zəmin hazırlamaqdır. Dövlət öz ordusu və xalqı ilə birlikdə ölkəni qorumaq öhdəliyini tam yerinə yetirənə qədər silahlar əlimizdə qalacaq".

Baş katib sonda İsrail ordusunun Livanın cənubunda böyük itkilər verdiyini, döyüş meydanında aciz qaldığı üçün mülki insanları və yaşayış məntəqələrini hədəf aldığını iddia edib.

O, həmçinin regiondakı müttəfiqləri olan İranın bu proseslərdən beynəlxalq arenada daha güclü bir dövlət olaraq çıxacağını bəyan edib.

GÜNÜN MANŞETLERİ