2026-cı ilin ilk səs-küylü siyasi və hərbi hadisələrindən biri ABŞ-nın Venesuela prezidenti və həyat yoldaşını həbs edərək Amerikaya gətirməsi oldu
Tramp bundan sonra bir neçə ölkəyə sərt mesaj verdi, bir neçə gündən sonra İrana təhdidlər səsləndirdi.
Bu təhdidlər İranda iqtisadi problemlərə görə etiraz aksiyaları fonunda baş verdi. İqtisadi duruma görə keçirilən etirazlar soyumağa başlayar-başlamaz iğtişaşlar başladı. Şəhərlərdə yollar kəsildi, məscidlər, dövlət binaları yandırıldı, hüquq mühafizə orqanları əməkdaşları, sivil vətəndaşlar öldürüldü.
Bu iğtişaşlar fonunda İranda Maskın “sərhədsiz internet” kimi reklam etdiyi “Starlink” ölkə üçün ən böyük böhran rolunu oynayırdı. Lakin İran tərəfi bu böhranı fürsətə çevirərək “Starlink” vasitəsilə ölkə içindəki silahlı qrupları və casusları deşifrə edə bildi. İran tərəfi bu olaylarda çox sayda silah-sursat ələ keçirməklə yanaşı, casusluq üçün istifadə olunan bəzi qurğuları da ələ keçirmiş oldu.
İranlıların “milli həmrəylik yürüş”ündən sonra isə etirazlar durdu, insanlar bu etirazlardan ABŞ/İsrail cütlüyünün istifadə etdiyini anladı. Çünki Pompeo özü etirazların ilk günündə “Mossad sizin yanınızdadır” deməyi, İsrail rəsmilərinin və xüsusilə Trampın təşviqi xalqın oyanışına səbəb oldu. Çünki onlar yaxşı bilirdilər ki, ABŞ və İsrail heç vaxt İran xalqının yaxşılığını istəmir və dost deyillər. Axı iranlılar ABŞ-ın İraq, Əfqanıstan, Suriya planlarının nəticələrinə özləri şahid olmuşlar. Avropada və ya Amerikada yaşayanlar bəlkə də bunu anlamazlar, amma iranlılar qonşuluqlarında olan bu ölkələrdə hansı faciələr yaşandığını unutmuş olmazlar.
Dünya mediası Trampın nə zaman hücum əmri verəcəyini gözlədiyi sırada, o (ona verilən söz və ya göndərilən mesajla) “İran edamları durdurdu, təşəkkür edirəm” kimi fikirlər səsləndirərək, əməliyyatların durması ilə bağlı açıqlama verdi. Bəzi xəbərlər Netanyahunun, bəzi xəbərlər isə ərəb ölkələrinin Trampa müraciət edərək İrana hücum edilməməsini xahiş etdiyini bildirdi.
İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei Trampı tənqid etdi, onu iğtişaşçılarda ümid yaratma və təşviq etmədə ittiham etdi, həmçinin rəsmilər Trampın “edamların durdurulması” mesajını yalanladılar.
Bundan sonra isə Tramp İrana qarşı təhdid diliylə danışmağa başladı. Əlbəttə ki, Tramp səhər bir açıqlama, axşam bir açıqlama verdiyindən onun bu açıqlamalarını anlıq olaraq qəbul etmək lazımdır.
Lakin buna baxmayaraq, bəzi dairələr hələ də “ABŞ-ın İrana hücumu”, “ABŞ-ın İranda Venesuela tipli əməliyyat keçirməsi”, “ABŞ-ın İranda Venesuela ssenarisinin tətbiqi” kimi xəbərlərin gündəmə gələcəyini gözləyir.
Əlbəttə ki, İrana hücum edilmə ehtimalı var, amma Venesuela tipli əməliyyatın heç cür mümkün olmadığını müdafiə edənlərin sayı çoxdur.
ABŞ-ın Venesuela ssenarisi İranda mümkündürmü?
Venesuelada söhbət siyasi təzyiq, sanksiyalar, müxalifəti tanıma və zəif dövlət institutlarıüzərindən qurulan bir modeldən gedirdi.
İran isə tam fərqli bir sistemdir:
1. İran ideoloji dini bir sistemlə idarə olunur. Bu, adi avtoritar rejim deyil. Sistem “Vilayəti-fəqih” üzərində qurulub və bu, siyasi hakimiyyətə dini legitimlik verir. Belə sistemlər xarici müdaxiləyə qarşı daha davamlı olur.
2.Güclü təhlükəsizlik sistemləri var (SEPAH, xüsusi mühafizə, Kəşfiyyat və s.) -
3. Regional təsir gücü böyükdür
4. Rusiya, Çin kimi güclü dövlətlərlə müttəfiqdir
5. Sayı yüz milyonlarla olan şiələrin mərcəiyyəti məhz İrandadır: Çox önəmli və tez-tez gözdən qaçan məqamdır. İran təkcə dövlət deyil, məzhəbi mərkəzdir. Mərcəiyyətə qarşı zorakı addım: təkcə İranı yox, qlobal şiə dünyasını hərəkətə gətirər. Hətta digər şiə mərkəzi olan Nəcəf də, belə olan təqdirdə ayağa qalxar.
6. İran xalqı bu ssenari cəhdinə qarşı yumruq kimi birləşər
7. İran ABŞ-ın bazalarını hədəfə alar
8. İsrail böyük təhlükə ilə üz-üzə qalar
Bir sözlə “yanğın” təkcə Orta Şərqi deyil, bütün dünyanı ağuşuna alar.
Bir çox analitiklərin də təsdiqlədiyi kimi, İranda Venesuela ssenarisi mümkün deyil və belə bir ssenari nə İranın siyasi reallıqları, nə də regionun mürəkkəb geosiyasi balansları ilə uzlaşır və bu, daha çox informasiya müharibəsi çərçivəsində irəli sürülən, praktik reallıqdan uzaq iddialardan ibarətdir.
Ramin Bayramov