Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Mayın 18-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Parlamentinin sədr müavini Davorko Vidoviç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova dəvəti qəbul edib səfərə gəldiyinə və xüsusi iclasda iştirak etdiyinə görə Davorko Vidoviçə təşəkkürünü bildirib.
O, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri barədə danışaraq deyib ki, Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi və siyasi xadim olmaqla yanaşı, xalqının taleyini dəyişdirən böyük lider, əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrü kimi xarakterizə olunur.
Görüşdə bildirilib ki, Azərbaycan və Xorvatiya dost ölkələrdir. Ölkələrimizi strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da inkişafına xidmət edir. Bu mənada dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin və görüşlərin xüsusi əhəmiyyəti qeyd olunub.
Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də rolu qeyd edilərək, bildirilib ki, hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Parlamentarilərimiz arasında təmasların artması münasibətlərin daha da dərinləşməsinə töhfə verə bilər.
Milli Məclisin sədri Sahibə Qafarova regionda baş verən hadisələr, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.
Xorvatiya Parlamentinin sədr müavini səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Dost Azərbaycanda olmaqdan məmnun olduqlarını deyən Davorko Vidoviç, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəmizə səfəri çərçivəsində Xarici İşlər və İqtisadiyyat Nazirliklərində görüşlər keçirdiyini, ictimai xidmətlər sektorunda Azərbaycan brendi olan ASAN Xidmətlə tanış olduğunu, Ermənistanın işğalından azad olunmuş Ağdama səfər etdiyini bildirib və təəssüratlarını bölüşüb. Qonaq deyib ki, Xorvatiya minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malikdir.
Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.