"Qərb elitası nifrət və “rusofobiya” toxumu səpir, biz isə sülh yolu ilə gələcək görmək istəyirik"
Rusiyanın paytaxtı Moskvada Qızıl Meydanda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə hərbi parad keçirilib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, paradda ölkə prezidenti Vladimir Putinlə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Özbəkistan prezidenti Şevkət Mirziyoyev, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.
Səkkiz mindən artıq əsgərin olduğu paradda “Tigr-M”, BTR-82A, “Bumerang” zirehli texnikası, ağır silahlar olaraq qısa mənzilli ballistik raket sistemi “İskender-M” və “S-400” hava hücumundan müdafiə raket sistemi və ilk dəfə “Ahmat” və “Spartak” zirehli maşınları nümayiş olunub.
Rusiya prezidenti paraddakı çıxışında deyib: “SSRİ-nin bütün xalqları faşizm üzərində qələbəyə öz töhfələrini veriblər. Biz bunu heç zaman unutmayacağıq.
Qərb elitası nifrət və “rusofobiya” toxumu səpir, biz isə sülh yolu ilə gələcək görmək istəyirik.
Avropada sovet əsgərlərinin abidələri dağıdıldı, əvəzinə “nasist mədəniyyəti” quruldu.
Qərb nasistləri kimin məğlub etdiyini unudub, deyəsən.
2022-ci il fevralın 24-də münaqişə başlayanda Ukrayna Qərb dövlətlərinin ambisiyalarının badına getdi və ukraynalılar bunun əsiri oldu.
Dünya Rusiyaya qarşı başlayan müharibədə dönüş nöqtəsindədir”.
Hərbi parad “Yars” qitələrarası ballistik raket kompleksinin nümayişi ilə başa çatıb.
Maraqlıdır ki, 2023-cü il 9 May Qələbə Paradında Rusiyanın hərbi təyyarə, helikopter və tanklar yer almayıb.
Paraddan sonra Rusiya prezidenti digər ölkə başçıları və veteranlarla birlikdə “Naməlum əsgər” abidəsi önünə əklillər və qərənfillər qoyublar, bir dəqiqəlik sükutla şəhidləri yad ediblər.