Ğüfeylə namazı – fəzilətləri və qılınma qaydası
İslamazeri.com: Ğüfeylə namazı – məğrib və işa namazları arasında qılınan namazdır ki, çoxlu fəziləti vardır. İnsanlar bu saatdan qafil olduqları üçün onu ğüfeylə namazı adlandırıblar.
Hədislərimizdə oxuyuruq ki, əgər insan qafil olduğu zaman iki rükət namaz qılarsa, Allah onu behişt əhlindən edər. Ğüfeylə sözü qəflət sözündən götürülmüşdür və bu namaz insanın ən çox qəflət etdiyi saatlarda qılındığı üçün belə adlandırılmışdır.
Çünki şeytan ən çox bu saatlarda çalışır ki, Allahı insanların yadından çıxartsın. Həzrət Yunus (ə) bir an qəflət edir və nəticədə özünü balığın qarnında görür.
Allaha etdiyi münacatların və yalvarmaların nəticəsində nicat tapa bilir. Ola bilsin əziz Peyğəmbərimiz (s) də bizim qəflət etməyimizi istəmədiyi üçün bu namazı çox tövsiyə etmişdir.
Din alimləri buyurur ki, bu namazdakı ən gözəl zikir Yunusiyə zikridir.
Ğüfeylə namazı və təsirləri
Bu namazda qılınan ayələrin xüsusi təsiri vardır ki, Məsumlar (ə) ondan agah idilər. Ona görə də bizə göstəriş verirdilər ki, Allahın böyük adlarının zikirini namazın əvvəlində deyək. Çünki duaların qəbul olmasına səbəb olur.
Bu namazın ilk rükətində oxunan ayə “Yunusiyyə” zikiridir ki, Həzrət Yunus (ə) balığın qarnında olan zaman onu demiş və Allahdan yardım istəmişdir.
Bu da “Ənbiya” surəsinin 87-88-ci ayələridir. İkinci rükətdə “Həmd”dən sonra deyilən ayə isə “Ənam” surəsinin 59-cu ayəsidir ki, qeyb sirlərindən, Allahın qüdrətindən bəhs edir.
Ğüfeylə namazının fəzilətləri
Ğüfeylə namazına tövbə edənlərin namazı da deyirlər. Bəzi hədislər buyurur ki, bu namazın fəziləti oruc tutmaqdan da üstündür. Əlbəttə ki, müstəhəb orucdan söhbət gedir.
Həzrət Peyğəmbər (s) buyurur: “Ğəflət saatında nafilə namazı qılın, baxmayaraq ki, iki rükətli sadə namaz olsa belə. Çünki o iki rükət behiştin saraylarını ardınca gətirər”. Həzrətə (s) sual verilir ki, bu saat hansı saatdır.
Ğüfeylə namazının vaxtı nə zamandır?
Həzrət (s) buyurur: “Məğriblə işa arasında olan saat”.
İmam Sadiq (ə) buyurur: “Hər kim bu iki rükət namazı məğriblə işa arasında qılar və Allahdan hacətini istəyər, Allah hacətini yerinə yetirər. Hər nə istəyər, ona kəramət edər”
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, “Tovzihul-məsail”,məs.781 namazının qılınması belə qeyd edilir:
Ğufeylə namazı məğrib və işa namazları arasında qılınan məşhur müstəhəb namazlardan biridir. Onun birinci rükətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
وَذَالنُّونِ اِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَنْ لَنْ نَقدِرَعَلَيْهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَنْ لاَ اِلـٰهَ اِلاَّ اَنْتَ سُبْحَانَكَ اِنّىِ كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنْجىِ الْمُؤْمِنِينَ
“Və zənnuni iz-zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz-zulumati ən la ilahə illa ənt, Subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu’minin”.
İkinci rükətdə isə Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لاَيَعْلَمُهَا اِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِى الْبَرِّ وَ الْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ اِلاَّ يَعْلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُُلُمَاتِ اْلاَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتَابٍ مُبِينٍ
“Və indəhu məfatihul-ğəybi la yə’ləmuha illa hu və yə’ləmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yə’ləmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin”.
Namazın qunutunda isə belə deyilir:
اَللَّهُمَّ اِنَّى اَسَْأَلُكَ بِمَفَاتِحِ الْغَيبِ الَّتِى لاَيَعْلَمُهَا اِلاَّ اَنْتَ اَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَنْ تَفْعَلَ بِى كَذا وَ كَذا
“Əllahummə inni əs’əlukə bi məfatihil-ğəybil-ləti la yə’ləmuha illa ənt, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf’ələ bi kəza və kəza.”
“Kəza və kəza” kəlmələrinin əvəzində hacətlərini istəyib sonra desin:
اَللَّهُمَّ اَنْتَ وَلِىُّ نِعْمَتِى وَالْقَادِرُ عَلَى طَلِبَتىِ تَعْلَمُ حَاجَتِى فَاسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلاَمُ لَمَّا قَضَْيتَهَا لِى
“Əllahummə əntə vəliyyu ni’məti vəl-qadiru əla təlibəti tə’ləmu hacəti fə əs’əlukə bi həqqi Muhəmmədin və ali Muhəmməd, ələyhi və ələyhimus-səlamu ləmma qəzəytəha li”.