"Google” dünyanın aparıcı xəbər agentliyi ilə əməkdaşlıq edəcək

Yayınlanma tarixi: 18.11.2021 17:41:51

ABŞ-ın və dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti - "Google” Fransanın və dünyanın aparıcı xəbər agentliyi - “Agence France Presse” (AFP) ilə əməkdaşlığa başlayır.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, ötən gün tərəflər arasında imzalanmış 5 illik müqaviləyə əsasən, agentlik xəbərlərini “Google News” servisində yerləşdirəcək və bunun müqabilində  pul ödəyəcək. 

"Google" və AFP-nin həmçinin faktların yoxlanması və sair məsələlər barədə birgə layihələr icra edəcəyi bildirilir. 

Xatırladaq ki, “Google” şirkətinə xəbər servisində yerləşdirdiyi materiallara görə KİV-lə müqavilə imzalamaq öhdəliyini qoyan qanun Fransada ötən ilin aprel ayında qəbul edilib. Bu ilin iyul ayında isə şirkət bu qanunu pozduğuna görə 500 milyon avro cərimələnib.

Bu ilin fevral ayında “Google” Fransanın 121 media qurumu ilə bənzər müqavilə imzalayaraq onlara bütövlükdə 76 milyon avro vəsait ödəmək öhdəliyini götürüb. Həmin müqavilədə iştirak etməyən AFP dəfələrlə “Google”dan şikayət edərək onların da xəbərlərini ödənişli əsasla yerləşdirməyi tələb edib.

GÜNÜN MANŞETLERİ