GMİ-nin yeni şeyxinin ilk xarici səfəri Azərbaycana olacaq

GMİ-nin yeni şeyxinin ilk xarici səfəri Azərbaycana olacaq
Yayınlanma tarixi: 15.01.2024 21:05:34

Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi Hacı Faiq Nəbiyevin ilk xarici səfəri Azərbaycana olacaq

İslamazeri.com xəbər verir ki, 15 yanvar tarixində  Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi Faiq Nəbiyev ilə görüş keçirib. Görüş zamanı səfir F.Nəbiyevi şeyx seçilməsi münasibətilə təbrik edib, ona bu çətin və şərəfli vəzifəsində uğurlar arzulayıb.

Söhbət zamanı səfir F.Quliyev Azərbaycan dövlətinin humanitar sahədə Gürcüstanda həyata keçirdiyi layihələrdən, hazırda dost, qardaş Gürcüstanla Azərbaycanın sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycan Respublikasının bundan sonra da Gürcüstanda yaşayan soydaşlarımızın müxtəlif sahələrdə inkişafı üçün daima dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
 
Öz növbəsində təbrikə görə, minnətdarlığını bildirən şeyx Faiq Nəbiyev hazırda Azərbaycan-Gürcüstan münasibətlərinin sürətlə inkişaf tempini müşahidə etdiklərini, Azərbaycan dövlətinin təhsil, mədəniyyət, dini sahədə sosial layihələrə dəstəyini qiymətləndirdiklərini qeyd edib, xüsusilə artıq uzun müddət Azərbaycan Respublikası tərəfindən Gürcüstandakı məscidlərin təbii qazla təminatına görə təşəkkürünü çatdırıb.
 
Görüşün sonunda səfir F.Quliyev Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi qismində ilk xarici səfəri kimi Azərbaycan Respublikasına gözlənilən səfərində F.Nəbiyevə uğurlar arzulayıb.

GÜNÜN MANŞETLERİ