İranla artan qarşıdurma və regionda davam edən döyüşlər ABŞ-ın Yaxın Şərqdəki mövqeyini əvvəlki qədər güclü saxlamasını çətinləşdirir.
Son illərdə Vaşinqtonun hərbi gücü hələ də böyük olsa da, hazırda siyasi və strateji təsiri getdikcə azalır. Trilyonlarla pil ödəyən ərəb rejimləri də, “Tramp-ın təhlükəsizlik vədləri”nə şübhə ilə yanaşırlar.
İrana hücuma məcburi şəkildə razılıq verən bu ərəb rejimləri, o qədər komfortlarına düşkündürlər ki, digər ölkələr kimi müdafiə olunmaq üçün pul xərcləməkdənsə, Amerikaya pul ödəyib təhlükəsizlik satın almağı hər şeydən məntiqli hesab edirdilər.
Təbii ki, dünya da Trampın “iki-üç günə İranı bitirirəm”, “İranın sonu gəldi”, “Ordu silahı yerə qoysun, yoxsa öləcəklər” kimi açıqlamalarına inanırdı. Çünki bu Tramp bir gecədə bir ölkənin prezidentini arvadı ilə birlikdə həbs edib Amerikaya gətirmişdi. Və bu Tramp üçün böyük reklam kampaniyası idi.
Lakin İran nə Venesuela deyil, nə İraq…
Bu barədə hələ İranda etirazlar zamanı məqalə yazmışdım. Mən İranın Venesuela olmadığını demişdim.
Niyə Venesuela əməliyyatı İranda mümkün deyil?
Çünki, İran ideoloji dövlətdir. İnsanlar İsraildəki kimi güllə atılan kimi 7-8 dəqiqəyə sığınacaqlara qaçmır. Çünki İran uzun illərdir bu müharibəyə hazırlaşırdı.
ABŞ İrana hücum etdikdən sonra, İran PUA və raketləri ilə ABŞ-ın Yaxın Şərqdəki böyük bazaları, iqtisadi obyektlərini, hətta oteldə gizlənən amerikalı hərbiçilərini belə hədəfə almaqdan çəkinmədi. Hələ də bu əməliyyatlar davam edir. Demirəm İran itki vermir, İranda hər şey yaxşıdır. Xeyir, bu iddiada olsam, mənim İsrail mediası və Tramp təbliğatı ilə heç bir fərqim olmaz. Sadəcə İranı tanımadan onların haqqında iddia səsləndirənlərə sadəcə gülürəm.
İzvestiya saytı ərəb bir analitikdən müsahibə alıb. Al Mayadeen telekanalının Rusiyadakı bürosunun rəhbəri Musalam Şeayto belə deyir: “Amerikalılar müsəlman şiələrin psixologiyasını başa düşmürlər. Buna görə də onlar müqəddəs Ramazan ayında İranın ali rəhbəri Əli Xameneinin öldürülməsi ilə istədikləri təsirə nail ola bilmədilər. Şiələr üçün ölüm itki deyil. Nəsrullah deyirdi ki, əgər qalib gəlsək – qalibik, əgər ölsək – şəhid və qalib oluruq. Ramazan ayında dini liderlərin öldürüldüyü hallar olub. Məsələn, bu ayda Əli ibn Əbu Talib — Məhəmməd Peyğəmbərin ən yaxın səhabələrindən biri — qətlə yetirilib.”…
Dünən (5 Mart 2026) Trampın ənənəvi çıxışı gözümə sataşdı. Nəsə onu əvvəlki günlərdən daha yorğun, daha pərişan gördüm. Adətən gördüklərimdən nəticə çıxarmamışdan əvvəl maraqlanıram. Və bu yöndə məndən başqa onlarla insanın bu barədə yazdığını gördüm.
Bəli, Tramp yoruldu, Tramp pərişandır. Çünki, işləri istədiyi kimi getmədi. Çünki, ABŞ Yaxın Şərqdəki nüfuzunu və gücünü itirir, çünki ABŞ maraqları İsrailin maraqlarına qurban getdi. Çünki ABŞ-a gələcək amerikalı əsgərlərin tabutları gözünün qabağına gəlir. Çünki, Ərəb ölkələrinin ondan hesab soracağını anlayır. Ən azı öz ölkəsində Epşteyn sənədləri fonunda, bu problemə necə tab gətirəcəyini fikirləşir. Dünya birjası iflic, neft hasilatı zəif, ölkələrin iqtisadi balansı pozulub.
Sonuncu kartı ölkələri bir-birinə qatmaq, PKK/Pjak terrorçu qruplaşmaları kimi kuklaları meydana gətirməkdir. Və onun müşavirləri bu planların uğurlarına inandırmağa çalışsalar da, bu planın alınmayacağını da təqribi bilir. Çünki 10-20 min qruplaşma ilə bir ölkəyə nə edə biləcəyinə çox da inamı olduğunu düşünmürəm. Çünki PJAK-a qarşı Hizbullah, Haşdi Şabi var. Türkiyə də bu məsələdən heç də məmnun görünmür. Sadəcə PJAK-ı da bu məsələdə qurban verərək vaxt udmaq istəyir, sanki...
Və sanki bütün bunları Netanyahuya görə etdiyini anlayır. Amma hazırda bir reallıq var; İranda çox sayda itki olmasına baxmayaraq xalqı ilə yumruq kimi birləşib, İsrail əhalisi zirzəmilərdə - Netanyahunun “bitirdiyi Hizbullah” artıq İsrail ərazilərinə doğru xüsusi təyinatlı “Rizvan” döyüşçülərini göndərir, ABŞ isə sürətlə Yaxın Şərqdə nüfuz itirir...
Ramin Bayramov