Yeni Tbilisi Hava Limanı tikiləcək - Ultramüasirliyi ilə seçiləcək...

Yeni Tbilisi Hava Limanı tikiləcək - Ultramüasirliyi ilə seçiləcək...
Yayınlanma tarixi: 8.04.2024 13:18:51

Gürcüstanın Baş naziri İrakli Kobaxidze: Yeni hava limanı ən yüksək müasir standartlara malik olacaq

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə danışıb.

“Tbilisi bir neçə ilə tamamilə yeni, ultramüasir hava limanına sahib olacaq”, – Kobaxidze bu haqda hökumətin bugünkü iclasında bildirib.

“Srağagün İqtisadi Şuranın iclası keçirildi və iclasda biz yeni meqa layihənin həyata keçirilməsi ilə bağlı olduqca mühüm qərar qəbul etdik. Konkret olaraq, Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək. Bugünkü hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Turizm sahəsində müsbət dinamikamızın olduğunu bilirsiniz. Gələcəkdə də ziyarətçilərin sürətli və ardıcıl artımı gözlənilir, infrastruktur buna ayaq uydurmalıdır. İki alternativ variantı müzakirə etdik. Biri köhnə hava limanının genişləndirilməsini, digəri isə Vazianidə yeni hava limanının tikintisini nəzərdə tuturdu. Genişlənmənin xərci təxminən 900 milyon dollar təşkil edirdi. Yenisinin tikintisinin qiyməti təxminən bir milyard 260 milyon dollardır. Genişlənmə bizə sərnişin axınını maksimum 15 milyon sərnişinə qədər artırmağa imkan verirdi və gələcək inkişaf perspektivi yox idi. Yenisinin tikintisinə gəlincə, yenisinin tikintisi bizə gələcək genişlənmə perspektivi ilə sərnişin sayını 19 milyona qədər artırmaq imkanı verir”, – baş nazir qeyd edib.

İrakli Kobaxidze, yeni hava limanının ən yüksək müasir standartlara tam uyğun olacağını bildirib.

“Hər şeyi nəzərə almaqla. Bir sıra amilləri nəzərə alaraq yeni hava limanı tikmək qərarını verdik. Layihələndirmə və tender prosedurları gələn il başa çatacaq və bundan sonra ölkə, Tbilisi bir neçə ilə tamamilə yeni, ultramüasir hava limanına sahib olacaq.
Bu, olduqca vacib qərardır. Hesablamalarımıza görə bu qərarın çox ciddi iqtisadi effekti olacaq. Hesablamalarımıza görə, iqtisadi artım 0,2 faiz bəndi artacaq, bu, növbəti illərdə Gürcüstan iqtisadiyyatına orta hesabla 350 milyon larinin əlavə olunacağı mənasına gəlir, bu da iqtisadi inkişafımız üçün olduqca vacibdir. Bu layihəni hazırladığına görə İqtisadiyyat Nazirliyinə təşəkkür etmək istəyirəm. İndi ən vacibi irəliləmək, şəhərimizi və ölkəmizi yeni ultramüasir hava limanı ilə təmin etməkdir”,  – deyə İrakli Kobaxidze açıqlayıb.

GÜNÜN MANŞETLERİ