2026-cı ilə qədər Quba rayonunun Xınalıq kəndində 100-ə yaxın evin təmir-bərpa edilməsi nəzərdə tutulub.
İslamazeri.com xəbər verir ki, bunu “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O, qeyd edib ki, Xınalıq kəndi dəniz səviyyəsindən təxminən 2 200 metr hündürlükdə yerləşdiyi və burada qış sərt keçdiyi üçün ilin yalnız 4-5 ayı ərzində iş aparmaq mümkündür: "Odur ki, təmir-bərpa işlərinin mərhələli şəkildə icra olunması nəzərdə tutulub. Özünəməxsus memarlıq üslubu, coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa ediib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülüb, yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib.
Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq".