"Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir"
"Ermənistanın hələ Üçtərəfli bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir".
İslamazeri.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
Bildirilib ki, Ermənistan baş naziri Nikol Paşinyanın müharibəni uduzmağın Ermənistanda olan “5-ci kolonla” əlaqələndirməsi və müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasının təsdiq olunduğunu, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi və hərbi rəhbərliklərinin qüvvələrin hələ də çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözcüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir. Uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur.