Van şəhəri başda olmaqla Türkiyənin müxtəlif bölgələrində separatçı terror təşkilatı adından qanunsuz aksiyaları keçirərək ictimai sabitliyi pozmağa cəhd edən 340 nəfər saxlanılıb.
İslamazeri.com türk mediasına istinadə xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, “Bozdoğan-20” kod adı altında başladılan əməliyyat Türkiyənin 14 vilayətində keçirilib. Saxlanılan şəxslərin yolları zibil qutuları və şinlərlə bağlayaraq qanunsuz küçə aksiyaları keçirdikləri, təhlükəsizlik qüvvələrinə daşla hücum edərək müqavimət göstərdikləri, terror təşkilatını dəstəkləyici şüarlar səsləndirdikləri, eləcə də, sosial mediada terror təşkilatının təbliğatını apardıqları bildirilir.
Onların keçmişdə separatçı terror təşkilatının tərkibində fəaliyyət göstərdikləri və axtarışda olduqları müəyyən edilib.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin Van Böyükşəhər Bələdiyyə sədrliyi üzrə nəticələrinin qeyri-müəyyənliyi ilə bağlı son iki gün ərzində ölkənin müxtəlif bölgələrində ictimai sabitliyi pozmağa cəhdlər göstərilib.