Təkəbbür İblisin sifətidir!

Təkəbbür İblisin sifətidir!
Yayınlanma tarixi: 20.02.2023 15:06:51

İslamazeri.com-un "Din" rubrikasından...

Quranda Təkəbbür, İblisin sifəti sayılır:
«Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi və kafirlərdən oldu».
«Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!» .
Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»; «Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»; «Təkəbbür ən çirkin xüsusiyyətdir».
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin».
O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini duymayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır».
Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür göstərməyə nə haqqı var?
İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq».
Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq.
Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir». (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur).

GÜNÜN MANŞETLERİ