Sahibə Qafarova Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Yayınlanma tarixi: 17.05.2023 11:28:30

Sahibə Qafarova Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən "İslamazeri.com"a verilən xəbərə görə, spiker Qazaxıstan nümayəndə heyətinə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyində iştirakına və bu məqsədlə Milli Məclisin xüsusi iclasında çıxışına görə nümayəndə heyətinin başçısı Yerlan Koşanova təşəkkür edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputalarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir.

Söhbətdə Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.

Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ