1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:25.01.2019 14:00:38

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun Axar.az-a müsahibəsi

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun Axar.az-a müsahibəsi:

- Azərbaycan Avropa Birliyi ilə münasibətləri son dövrlərdə inkişaf yoluna qədəm qoyub. Avropa Parlamentinin qəbul etdiyi antiazərbaycan qətnaməsi bu münasibətlərin inkişafına mane ola bilərmi?

- Əvvəla onu deyim ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri dinamik inkişaf tempinə malikdir. Avropa Parlamentində qəbul edilən antiazərbaycan qətnaməsi münasibətlərin inkişafına dəhşətli dərəcədə təsir etmək gücündə deyil. Təsadüfi deyildir ki, Avropa İttifaqı üzvlərinin 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Xüsusilə də 2018-ci ildə Avropa İttifaqı ilə imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bir daha göstərdi ki, ikitərəfli münasibətlərimiz yüksək inkişaf tempinə malikdir. Eyni zamanda, ötən ilin sonunda Avropa İttifaqı çərçivəsində qəbul edilmiş xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı qəbul edilmiş qətnamə də Azərbaycanın maraqlarına uyğundur. Çünki hər iki sənəddə münaqişələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həlli öz əksini tapıb. NATO-nun keçən ilin iyul ayında Brüsseldə keçirilən zirvə görüşünün də yekun sənədində məhz postsovet məkanında münaqişələrin, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü çərçivəsində həlli məsələsi qoyulub. Bütün bu dediklərimiz onu göstərir ki, Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri strateji xarakter kəsb edir. Doğrudur, bizim NATO-ya daxil olmaq məqsədimiz yoxdur. Amma buna baxmayaraq, çox mühüm hərbi-siyasi təşkilatın da münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi faktı ürəkaçan hadisədir.

- Maraqlı məqam odur ki, Rusiya tərəfi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda pozitiv bəyanatlar səsləndiyi bir vaxtda Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycana qarşı başqa ittihamlarla çıxış etməyə başladı. Qərblə münasibətlərin inkişafa doğru getdiyi və Qarabağla bağlı pozitiv danışıqların olduğu bir dönəmdə Rusiya XİN niyə Azərbaycanla münasibətlərini korlamaq istəyir?

- Azərbaycan-Rusiya münasibətləri də mehriban qonşuluq və strateji tərəfdaşlıq xarakterinə malikdir. Təkcə bir faktı qeyd edim ki, keçən il 1 ay ərzində iki dəfə Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri reallaşıb. Bu səfərlər çərçivəsində ikitərəfli münasibətlər üçün yol xəritəsi hesab olunacaq 16 sənəd imzalanıb. Ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri arasında 6 görüş keçirilib. Bunlar özü münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda paralel şəkildə Rusiya-Ermənistan strateji müttəfiq dövlətlər arasında münasibətlərdə xeyli çatlar əmələ gəlib. Bu diqqətdən yayınmır. Azərbaycanla münasibətlərin inkişafı fonunda Rusiyanın Ermənistanla münasibətlərində problemlərin yaranması hər kəsə bəllidir.

Bütün bu dediklərimizin fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də müəyyən bir dinamika var. Ən azı 3 dəfə Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü keçirilib - Sankt-Peterburq, Düşənbə və Davosda. 4 dəfə iki ölkənin XİN rəhbərləri səviyyəsində görüş olub. Xüsusilə Milan və Paris görüşlərində artıq münaqişənin tənzimlənməsi ilə bağlı konkret addımlar atılması məsələsi haqqında razılaşma əldə edilib. Hər iki dövlətin xalqlarını sülhə hazırlaması ilə bağlı konkret zəruri tədbirlərin görülməsi haqqında razılaşma var.

Bütün bu dediyim proseslər fonunda eyni zamanda xoşagəlməz başqa bir tendensiya da mövcuddur. Bu da onunla bağlıdır ki, Azərbaycan və Rusiya rəhbərliyi arasında siyasi dialoqun, güclənən iqtisadi münasibətlərin, hərbi texniki əməkdaşlığın genişləndiyi reallıqda Rusiya XİN-in mətbuat katibinin Azərbaycanın erməni əsilli Rusiya vətəndşlarının ölkəyə daxil olmasına imkan verməməsi ilə bağlı yanaşmaları heç şübhəsiz ki, ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun deyil. Nəzərə alaq, ki, hələ keçən il Rusiyadan Azərbaycana 800 mindən çox turist gəlib, ölkəmizdə bu gün təxminən 500-ə yaxın rusdilli məktəb fəaliyyət göstərir, 4500-ə yaxın məktəbin təxminən 3 minində rus dili fənn kimi tədris olunur, Azərbaycanda Rusiyanın nüfuzlu iki ali məktəbinin filialı var... Bütün bunlar Azərbaycanda rus millətinə, rus dilinə hansı həssaslıqla yanaşıldığından xəbər verir. Deməli, Rusiya XİN-in sözçüsünün səsləndirdiyi fikirlər reallıqla ziddiyyət təşkil edir. Onda suallar yaranır ki, münasibətlərimizin belə yüksək səviyyədə olduğu bir məqamda bu cür mövqeyin ortaya qoyulması nədən qaynaqlanır. Hesab edirəm ki, bunun kökündə dayanan əsas amil heç kəsə sirr deyil. Rusiyanın müəyyən siyasi dairələrində ermənilər yüksək postlar tutur, erməni lobbisi və diasporu Rusiyada kifayət qədər geniş imkanlara malikdir. Azərbaycanın Rusiya ilə münasibətlərinin sürətlə inkişaf etdiyini görəndə həmin qüvvələrin yuxusuna haram qatılır. Məhz bu zaman onlar əlaqələrimizə kölgə sala biləcək müxtəlif variantları işə salmağa cəhdlər göstərir. Hesab edirəm ki, Rusiya XİN tərəfindən səslənən son bəyanatlar da həmin psixoloji gərginlik keçirən qüvvələrin atdığı addımlardır. Bunlar təəssüf doğurur. Bununla bağlı Azərbaycan XİN özünün konkret mövqeyini ortaya qoydu və bu cür yanaşmaların əsassız olduğunu vurğuladı. Hətta Azərbaycan XİN-in bu məsələ ilə bağlı mövqeyi özü yenidən Rusiya XİN-də sərt mövqe ilə qarşılandı. Ancaq biz onun fərqindəyik ki, bu, Rusiyadakı müəyyən siyasi dairələrin işidir. Söhbət bütövlükdə Rusiya dövlətindən getmir.

Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərə toxunarkən vurğuladı ki, bizim münasibətlərimiz mehriban qonşuluq və etibarlı dostluq münasibətləridir. Hesab edirəm bundan yüksək qiymət ola bilməz. Münasibətlərin bu səviyyəsini gözü götürməyən müəyyən siyasi dairələr əl-ayağa düşüb bu münasibətlərə zərər vurmaq üçün bu cür əsassız yanaşmaları, bəyanatları ortaya atırlar. Yeri gəlmişkən, ölkə başçısı Davos İqtisadi Forumunda iştirakı zamanı Azərbaycan-Rusiya münasibətlərinə də toxundu. Qeyd etdi ki, Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq münasibətlərinə davamlı münasibət kimi baxır. Bütün bunlar Rusiyada olan antiazərbaycan siyasi qüvvələrini təşvişə salır və Rusiya XİN-də son zamanlar bir neçə dəfə səsləndirdiyi bu əsassız ittihamların kökündə dayanan əsas amil də bununla bağlıdır.

- Tezliklə Azərbaycana ABŞ-ın yeni təyin etdiyi səfiri Örl Litzenberger gələcək. Örl Litzenberger demək olar ki, Rusiya üzrə mütəxəsisdir və Rusiyaya qarşı inqilabların həyata keçirildiyi ölkələrdə xüsusilə aktiv fəaliyyət göstərib. Yəni Serbiya və Qırğızıstanda. Onun Azərbaycanda səfir kimi fəaliyyətinin necə olacağını düşünürsünüz?

- Məsələ ondadır ki, Azərbaycan dövləti müstəqil xarici siyasət həyata keçirir. Bizim üçün ABŞ nə qədər yaxındırsa, Rusiya da o qədər yaxındır. Eyni zamanda Azərbaycan dövləti həm Rusiyadan, həm də ABŞ-dan eyni məsafədə dayanmağı bacarır. Bunun nəticəsidir ki, Rusiyanın ali hərbi rəhbərliyi ilə NATO-nun, ABŞ-ın ali hərbi rəhbərliyi arasında görüşlər Bakı şəhərində keçirilir, dünyanı narahat edən ən mürəkkəb məsələlərlə bağlı müzakirələr Azərbaycanda aparılır. Bu, Azərbaycan dövlətinin yeritdiyi düzgün, sistemli, düşünülmüş, məntiqli, ən başlıcası, milli maraqlara söykənən müstəqil xarici siyasəti əsasında reallaşıb. Bu siyasətin də əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti bu gün Prezident İlham Əliyev çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq, çox uğurla davam etdirir. Ona bir innovativlik və hücum taktikası da əlavə edib. Ona görə də ABŞ Senatının Azərbaycana təyin etdiyi yeni səfirin keçmişinin necə olmasından, hansı ölkələrdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, onun Azərbaycandakı fəaliyyəti heç bir halda Rusiya əleyhinə yönəlmək istiqamətində ola bilməz. Yəni Azərbaycan ərazisindən Rusiyaya qarşı təzyiq göstərmək üçün səfirin fəaliyyəti Azərbaycanın milli maraqlarına uyğun gəlmir. Azərbaycan dövlətinin siyasəti budur ki, ölkəmiz hətta bir-biri ilə qarşılıqlı maraqları toqquşan qüvvələr üçün də məhz ədavət, ziddiyyət məkanı deyil, barışıq məkanı olsun. Ona görə də yeni səfir Azərbaycanda fəaliyyətini qonşularla, konkret Rusiya ilə münasibətlərin normallaşdırılması üçün unikal bir məkan kimi görməli, onun fəaliyyəti Azərbaycanda bu məna kəsb etməlidir. Əməkdaşlıq üçün Azərbaycandakı səfirlik fəaliyyətindən istifadə etməlidir. Azərbaycanın maraqları bu halda hər şeyin fövqündə dayanır. Azərbaycan heç bir zaman qarşıdurma məkanı olmayıb və ola da bilməz. Çünki dövlətimizin başçısının müəyyən etdiyi siyasətin fəlsəfəsi bundan ibarətdir. Yeni səfirin fəaliyyəti, hesab edirəm ki, ilk növbədə Azərbaycan-ABŞ münasibətlərinin inkişafına, regionda sülhə və sabitliyə xidmət etməlidir. Regionda qarşıdurma mühiti deyil, barışıq və əməkdaşlıq mühitinin formalaşması əsas şərtdir. Azərbaycan dövlətinin bu mövqeyi həm Vaşinqton, həm də Moskva üçün yetəri qədər aydındır.


Rusiyadan Bakıya “hücumları” kimlər təşkil edir? - MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ