Rusiyadan ABŞ-ın Yəmənə hücumuna reaksiya: Ukrayna məğlubiyyəti...

Rusiyadan ABŞ-ın Yəmənə hücumuna reaksiya: Ukrayna məğlubiyyəti...
Yayınlanma tarixi: 14.01.2024 16:02:24

ABŞ prezidenti Co Bayden seçicilərin diqqətini Ukraynadakı uğursuzluqlardan və Amerikanın daxili problemlərindən yayındırmaq üçün öz siyasi maraqları naminə Yəmənə hücum etmək qərarına gəlib.

İslamazeri.com “Sputnik”ə istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında bildirib.

“Seçicilərin diqqətini Ukraynadakı xarici siyasət uğursuzluqlarından, eləcə də ABŞ-ın daxili problemlərindən yayındırmaq üçün Baydenə kiçik, qalibiyyətli müharibə lazımdır. Məhz bu səbəbdən Bayden administrasiyası ABŞ Konqresini Yəmənə hücumla bağlı xəbərdar etməyib. Bu, hazırkı prezidentin siyasi maraqlarına zərbə vurduğunu təsdiqləyir”, – deyə Volodin vurğulayıb.

Onun qənaətinə görə, hətta Baydenin tərəfdarları da “onun Konstitusiyanı pozduğunu iddia edirlər”.

Dövlət Dumasının spikeri qeyd edib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Baydenin reytinqi “son dərəcə aşağıdır”:

“Amerikalıların yalnız 38,9%-i onun fəaliyyətini bəyənir. Səsvermə bu gün keçirilsəydi, Bayden uduzardı”.

Onun sözlərinə görə, Vaşinqton “beynəlxalq hüquq normalarının üstündən xətt çəkərək və BMT Nizamnaməsinə tüpürərək” suveren dövlətə hücum edib.

“Əgər Birləşmiş Ştatlar hüquqi dövlətdirsə, Bayden bütün gücü ilə hakimiyyətə yapışaraq dünya müharibəsinə başlamazdan əvvəl mühakimə olunmalıdır”, – deyə Volodin bildirib.

GÜNÜN MANŞETLERİ