Rusiya və İran arasında 4 əməkdaşlıq sənədi imzalanıb

Rusiya və İran arasında 4 əməkdaşlıq sənədi imzalanıb
Yayınlanma tarixi: 2.11.2022 10:48:12

İran və Rusiya iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyan İran-Rusiya Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasında dörd əməkdaşlıq sənədi imzalayıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin inkişafı üzrə strateji sənədi çərşənbə axşamı İranın neft naziri və İran-Rusiya Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Cavad Ovci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak imzalayıb. 

İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, İranın İnvestisiya və İqtisadi və Texniki Yardım Təşkilatının baş direktoru Əli Fəxri ilə Rusiyanın İqtisadiyyat nazirinin müavini Vladimir İliçev arasında İncə Burun-Gərmsar dəmir yolu layihəsinin elektrikləşdirilməsi üçün kredit sazişi də imzalanıb.  

Bundan əlavə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Məhəmməd Hüseyn Niknam və Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Sergey Qlaqolev arasında səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. 

Həmçinin, İrandan "Sina Enerji Gostər Holdinq"in baş direktoru Məhəmməd Ziyar və Rusiyanın dövlətə məxsus "Promsyrieimport" şirkətinin baş direktoru Mixail Silantiyev də məhsul nəqli boru kəmərləri üzrə EPC (Mühəndislik, Satınalma və Tikinti) layihələrinin həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

İran və Rusiyanın müştərək iqtisadi komissiyasının 16-cı iclası bazar ertəsi-çərşənbə axşamı günü başlayıb və Rusiyanın ev sahibliyi ilə İranın Neft, Xarici İşlər, İqtisadiyyat və Maliyyə, Yollar və Şəhərsalma, Energetika, Elm, Tədqiqat və Texnologiya, Kənd Təsərrüfatı, İdman və Gənclər, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri eləcə də Prezident Aparatı, İslam Şurası Məclisi, Silahlı Qüvvələrin Baş Qərargahı, Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaların Ali Şurası, Atom Enerjisi Təşkilatı, İran Mərkəzi Bankı, İranın Milli İnkişaf Fondu, Milli Standart Təşkilatı, Ticarət Palatası və Rusiyadakı İran Biznes Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilib. 

GÜNÜN MANŞETLERİ