Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünya ölkələrinə ekstremal hava hadisələri ilə bağlı tədbir görmələri ilə əlaqədar çağırış edib.
İslamazeri.com xəbər verir ki, Antonio Quterreş BMT-nin ABŞ-ın Nyu York şəhərindəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında iyulun bəşər tarixində qeydə alınan ən isti ay olduğunu vurğulayaraq deyib:
"İqlim dəyişikliyi indi buradadır və qorxuducudur. Bu, yalnız başlanğıcdır. Qlobal istiləşmə dövrü sona çatdı, qlobal qaynama dövrü başladı".
Antonio Quterreş bildirib ki, liderlər bu prosesə rəhbərlik etməlidirlər, başqalarının hərəkətə keçməsini gözləməyə ehtiyac yoxdur. Bunun üçün artıq vaxt yoxdur.
BMT-nin baş katibi qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq və ən pis ssenarinin qarşısını almaq üçün təcili olaraq iqlim fəaliyyət planları ilə bir araya gəlməyin hələ də mümkün olduğunu söyləyib.
A.Quterreş xüsusilə qlobal tullantıların 80 faizinə cavabdeh olan G20 ölkələrinin "iqlim dəyişikliyi və ədalət" üçün addımlar atmalı olduğunu vurğuladı və hər bir ölkənin qalıq yanacaqdan bərpa olunan enerjiyə keçmələrinin və milli emissiya azaltma hədəflərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.
Antonio Quterres yerli hakimiyyətlərə, qurumlara və özəl şirkətlərə, eləcə də hökumətlərə BMT standartlarına uyğun olaraq bərpa olunan enerjiyə keçmələri ilə əlaqədar çağırış edib.
Ekstremal hava hadisələrinin artıq “yeni normala” çevrildiyini xatırladan Antonio Quterreş bəyan edib ki, bütün ölkələr buna uyğunlaşmalı və vətəndaşlarını qızmar istidən, ölümcül daşqınlardan, yanğınlardan, tufanlardan və quraqlıqdan qorumalıdır.