Qəlbi qüvvətləndirməyin yolları

Qəlbi qüvvətləndirməyin yolları
Yayınlanma tarixi: 17.03.2023 12:53:05

İslamazeri.com-un "Din" rubrikasından...

İnsan sağlamlıq durumu, maliyyə vəziyyətinin münasib olmasına baxmayaraq rahatlıq, asayiş hiss etmək üçün güclü qəlbə malik olmalıdır. İslam qəlb aramlığına çatmaq üçün qısa bir düstur verir: Allah zikri ilə qəlblərinizi möhkəmləndirin.
Təbii ki, bu məqsədə çatmaq istəyən insan üçün suallar qarşıya çıxır. Hansı yollarla, necə qəlbi gücləndirmək olar? Qəlb aramlığı insanın itkisidir. İnsan əksər fəaliyyətlərində özü də bilmədən qəlb aramlığı üçün çalışır. İnsanı nigarançılıqlardan, təşvişlərdən, həyəcanlardan qurtara biləcək yeganə düzgün addım Allah zikridir. Bəndənin bütün ehtiyaclarını aradan qaldırmağa qadir olan mehriban Allaha sığınmaqla insan həyəcanlardan xilas olur. Allah zikri məqamına çatmış fərdin qəlbini heç bir hadisə silkələyə bilmir.
  İnsan Allah zikrinin zərurətini o zaman dərk edir ki, Allahın güc və qüdrətinə inansın. Əgər Allahın peyğəmbərlərə verdiyi vədi necə yerinə yetirdiyini nəzərdən keçirsək, şahid olarıq ki, yeganə etibarlı sığınacaq Allahın qüdrətidir. İnsan öz yanında qüdrətli varlıq görəndə və bu varlıq ona dost olanda bütün həyəcanlar təbii şəkildə uzaqlaşır. Demək, insan inanmalıdır ki, ən əlçatmaz nöqtədə, ən ağır vəziyyətə düşdüyü zaman Allah onu xilas edə bilər. Belə bir inam yoxsa Allah zikri də zahiridir və insan qəlbinə təsir etmir.
  Hər bir müsəlman üçün Qurani-kərim dünya və axirət kitabıdır. Rəd surəsinin 27, 28-ci ayələrində oxuyuruq: “Kafir olanlar: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur; O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”
  Ayələrdə nəzərdə tutulan aramlıq, adətən xalqı narahat edən maddi amillərlə əlaqəli aramlıqdır. Amma etiqadlı insanları məsuliyyətləri də nigaran edir. Bu nigarançılıq insana kömək edir ki, Allah və cəmiyyət qarşısında vəzifələrini yerinə yetirsin. Bu nigarançılıq həyəcandan çox təqvaya, ilahi xofa aid edilə bilər. Allah zikri dedikdə təkcə Allahın adını dilə gətirmək nəzərdə tutulmur. Ayədə nəzərdə tutulan insanın bütün vücudu ilə özünü Allahın əzəməti qarşısında görməsidir. Əgər insan bütün gördüklərinin sahibi olaraq Allahı tanısa qəm-qüssədən qurtular. Allahın övliyalarını dünya və axirətdə qorxudan, qəmləndirən bir şey olmaz. Bütün nemətlər Allahdandır. Çətinliklər isə Allah tərəfindən göndərilmir. Allah öz lütfünü dayandırdıqda yaranır. Allah tərəfindən şər nazil olmur. Şəri yaradan insan özüdür və qorxu da şərdən yaranır. Allah qorxusu yeganə qorxudur ki, insanı tərbiyə edir, onu kamilləşdirir. Hətta Allah qorxusu insana başqa güclər qarşısında cəsarət verir. Allahdan qorxan insan başqa gücdən qorxmur.
  İnsan Allahı yada salanda ilk növbədə günahlarını xatırlayır və təəssüf edir. Allahı yada salmağın, Allah zikrinin ikinci təsiri yaranış məqsədinə diqqətdir. İnsanın yaranışında Allah zikri bir məqsəd olaraq nəzərdə tutulur. Zikrə məşğul insan məqsədə çatmış kimidir və həyəcanlardan uzaqdır. Ənfal surəsinin 2-ci ayəsində oxuyuruq: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” Ayələrdən çıxarılan ümumi nəticə budur ki, insan Allahın hədsiz nemətlərini yada salanda aramlıq tapır, eyni zamanda ilahi cəzaları düşünərək qorxur. Allahın vədləri qətidir. Qəlb aramlığı üçün Allah vədlərinin düzgünlüyündən təsirli dərman yoxdur. Qeyd etdik ki, faydalı olan Allah xofudur. Bu xof məsuliyyətlərin dərkindən, bəzən də Allahın əzəməti qarşısında kiçiklikdən yaranır. Allah vəd edir ki, Onun dostları üçün qorxu yoxdur, onlar qəmlənməzlər.
  Qəlb aramlığına dini təlimlərdə o qədər əhəmiyyət verilib ki, bu məqsədə çatmaq üçün bütün mümkün yollar açıqlanıb. “Vəliyy” sözünün cəm forması olan “övliya” sözü iki şey arasında vasitənin olmaması və daimi yaxınlıq mənasını bildirir. Beləcə bir şey başqa bir şeyə yaxın olduqda (məkan, zaman, məqam baxımından) ona vəliyy deyilir. Demək, Allah övliyaları o şəxslərdir ki, onlarla Allah arasında fasilə, uzaqlıq yoxdur. Onlar Allaha o qədər yaxındırlar ki, zərrəcə şübhə qəlblərinə yol tapmır. Aydın olur ki, nə üçün Allah övliyaları Allahdan başqasından qorxmayıb, dünya işləri onları qəmləndirməyib. Övliyaların dünya həyatına heç bir bağlılıqları olmayıb. Başqaları keçmiş və gələcəklə bağlı narahat olsa da, övliyalar aram olub. Qəm və qorxu dünyapərəstlikdən gələn hisslərdir. İnsan Allaha yaxınlaşanda hiss edir ki, qəm-qüssəsi azalır, qorxu-həyəcanları aradan qalxır. Əgər hər şeyin sahibi Allahsa və Allah qüdrət sahibidirsə insan nə üçün qorxmalıdır?! Allah övliyalarını qorxudan və həyəcanlandıran yalnız Allah razılığından məhrumluq hiss ola bilər.

GÜNÜN MANŞETLERİ