Ermənistanın Baş naziri Nikol Paşinyan regionda mühüm dəyişikliklərə səbəb olacaq yeni nəqliyyat layihəsi barədə məlumat verib
İslamazeri.com xəbər verir ki, dekabrın 22-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən Paşinyan, ABŞ ilə aparılan müzakirələri diqqətə çatdırıb.
Paşinyan bildirib ki, hazırda Ermənistan tərəfi Amerika Birləşmiş Ştatları ilə "TRIPP" (Trans-Regional Infrastructure Power Project) yolunun inşası və icrasına başlanılması ilə bağlı konstruktiv ikitərəfli danışıqlar aparır:
"Hazırda biz ABŞ ilə TRIPP yolunun tikintisi və icrasına başlanılması ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bu, regionumuzda həqiqətən çox böyük və məzmunlu dəyişikliklər deməkdir."
Paşinyan bu layihənin həyata keçirilməsinin Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərə təsir edə biləcək bir çox nüansları olduğunu da vurğulayıb. O, Putinlə görüşün bu məsələləri dərindən müzakirə etmək üçün yaxşı fürsət olduğunu qeyd edib:
"Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizə aid bir çox məqamlar var. Düşünürəm ki, bu gün həmin məsələləri müzakirə etmək üçün çox yaxşı imkan yaranıb", – deyə Ermənistanın hökumət başçısı əlavə edib.




