Yayınlanma tarixi: 22.12.2025 21:57:30
İsraildə radikal ortodoks yəhudilər hərbi xidmətə çağırışa və dindar gənclərin həbsinə etiraz olaraq ölkənin əsas nəqliyyatı iflic edib
İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, bu gün, 22 dekabr tarixində yüzlərlə nümayişçi ölkənin ən mühüm yollarından biri olan 4 nömrəli şose yolunu hər iki istiqamətdə bağlayaraq hərəkəti tamamilə dayandırıb.
Polis Bney-Brak yaxınlığındakı aksiyanı qanunsuz elan edərək, 4 nömrəli şosenin Aluf-Sade və Em ha-Moşavot qovşaqları arasındakı hissəsinin bağlandığını açıqlayıb. Nəqliyyat axını Petax-Tikva istiqamətinə yönləndirilsə də, ərazidə kilometrlərlə uzanan tıxaclar yaranıb. "Qea" yol qovşağında həm körpünün üstünü, həm də altını bağlayan ortodokslar "Ölərik, amma orduya getmərik" şüarları səsləndiriblər.
Nümayişçilər təkcə həbslərə deyil, həm də Knessetdə müzakirə olunan və "Bismut qanunu" kimi tanınan yeni hərbi çağırış layihəsinə etiraz edirlər. Radikal qruplar ortodoks fraksiyaların bu qanunu müzakirə etməsini "təslimiyyət" kimi qiymətləndirirlər. Aksiya iştirakçıları "Ordu əsgər yox, məhbus alacaq", "Kafirlərin hakimiyyətinə inanmırıq" və "Ordu ölümdən də betərdir" kimi radikal şüarlar səsləndirib, "Dünyəvi yaşamaqdansa, ortodoks kimi ölmək yaxşıdır" yazılmış plakatlar qaldırıblar.
Etiraz aksiyası ortodoks icması daxilində ən döyüşkən qrup sayılan, ravvin Tsvi Fridmanın rəhbərlik etdiyi "Qüds qanadı" (Peleg ha-yeruşalmi) tərəfindən təşkil olunub. Polis aksiyanın zorakı xarakter alacağını öncədən proqnozlaşdırdığı üçün Bney-Brakın Jabotinski küçəsi və digər mərkəzi yollarda əlavə təhlükəsizlik tədbirləri görüb.
Gərginliyin əsas səbəbi son günlərdə hərbi xidmətdən yayınan bir neçə gəncin həbs edilməsidir. Dekabrın 21-də Bney-Brakın Satmar rayonunda həbsdən azad edilən 15 nəfər üçün kütləvi yürüş keçirilsə də, hazırda hərbi həbsxanada çağırış vərəqəsinə məhəl qoymayan daha 19 gənc qalmaqdadır.