Mülki müdafiə qoşunlarında nümunəvi məşğələ keçirilib.
Aprelin 19-da Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda nümunəvi məşğələ keçirilib.
Nazirlikdən "İslamazeri.com"a verilən məlumata görə, tədbirdə FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə və Mülki müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirə Dövlət himninin səsləndirilməsi ilə başlanılıb, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
FHN-in Mülki müdafiə qoşunlarının komandanlığının Şəxsi heyətlə iş üzrə şöbə rəisinin vəzifəsini icra edən polkovnik-leytenant Bəhruz Əsədov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə xatırlandığını bildirib. O, eyni zamanda Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrində Dahi Rəhbərin siyasi fəaliyyətini, onun mənalı ömür yolunu şəxsi heyətə geniş təbliğ edilməsi məqsədilə "Heydər Əliyev irsini öyrənirik" mövzusunda ictimai-siyasi məşğələlərin təşkil olunduğunu qeyd edib.
Ulu öndər Heydər Əliyevin ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayan tarix elmləri üzrə fəlsəfə doktoru Anar Ağalarzadə çıxışında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əsrə bərabər inkişaf yolu keçdiyini məmnunluq hissilə dilə gətirib.
Qeyd edək ki, "Heydər Əliyev irsini öyrənirik" mövzusunda məşğələlərin keçirilməsində əsas məqsəd Ulu Öndərin Vətənimiz qarşısında misilsiz xidmətlərini hərbi qulluqçulara təbliğ etmək, onun siyasi irsini dərindən öyrənməkdir.