Bu barədə FHN məlumat yayıb.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Fövqəladə Hallar Nazirliyinin Akademiyasında və İdman-sağlamlıq klubunda olub.
İslamazeri.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yanvarın 16-da Macarıstanın Azərbaycan Respublikasında yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və İdman-sağlamlıq klubuna baş çəkib, hər iki müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.
Əvvəlcə, FHN Akademiyasında yaradılan şəraitlə yaxından tanış olan səfirə məlumat verən Akademiyanın rəisi general-mayor Baba Salayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, strukturu, təlim-tədris prosesi haqqında ətraflı danışıb. B.Salayev Akademiyada elm və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradıldığını bildirib.
Akademiyanın rəisi tədris prosesi ilə yanaşı, eyni zamanda Akademiyada beynəlxalq əlaqələrin genişləndirilməsindən, zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsindən, birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə bir sıra ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsindən danışıb.
Görüşdə FHN Akademiyası ilə Macararıstanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edən qonaq, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, Muzeylə tanış olub. Səfir Tamaş Yojef Torma Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra qonaq FHN-in İdman-sağlamlıq klubunda da olub. İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev burada yaradılan şəraitlə bağlı qonağa ətraflı məlumat verərək bildirib ki, idman kompleksində Nazirlik əməkdaşlarının fiziki hazırlıqlarının yüksəldilməsi ilə yanaşı onların respublika və beynəlxalq yarışlarda iştirakları üçün hər cür şərait yaradılıb. F.Musayev onu da əlavə edib klubun kompleksində hər il müxtəlif beynəlxalq yarışlar da keçirilir.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma FHN-in Akademiyasının və İdman-sağlamlıq klubunun fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını etiraf edib.