Ottavanın xarici siyasət elitasından İsraillə bağlı gözlənilməz addım
İslamazeri.com xəbər verir ki, Kanadanın 200-ə yaxın keçmiş və hazırda fəaliyyətdə olan yüksəkrütbəli diplomatı ölkə hökumətinə kollektiv məktub ünvanlayıb. Müraciətdə İsrailə qarşı sanksiyaların tətbiq edilməsi və ikitərəfli azad ticarət sazişinə əsaslı şəkildə yenidən baxılması tələb olunur.
Diplomatik korpusun bu təşəbbüsü, Tel-Əvivə qarşı beynəlxalq təzyiqlərin artdığı və Kanadanın öz daxilində Ottavanın xarici siyasət kursuna yönəlmiş ictimai tənqidlərin gücləndiyi bir vaxta təsadüf edib.
Aralarında Kanadanın müxtəlif ölkələrdəki keçmiş səfirləri və işlər vəkillərinin də olduğu sənədi imzalayan şəxslər, Kanada ilə İsrail arasında 1997-ci ildən qüvvədə olan və 2019-cı ildə yenilənən Azad Ticarət Sazişinin (CIFTA) İordan çayının qərb sahilindəki İsrail məskunlaşma məntəqələrində istehsal olunan mal və xidmətlərə şamil edilməməsini tələb edirlər.
Siyasi analitiklərin fikrincə, bu addım Kanada siyasi və diplomatik dairələrində böyüyən ixtilaflardan xəbər verir. Qərbdə ənənəvi olaraq İsrailin əsas müttəfiqlərindən biri kimi çıxış edən Kanada, hazırda öz xarici siyasət elitasının beynəlxalq hüquq normalarına riayət olunması üçün iqtisadi rıçaqlardan və sanksiyalardan istifadə etməyə çağırdığı bir presedentlə qarşılaşıb.