İsraildə yüz minlərlə insan küçələrə axışdı, istefalar başlandı

İsraildə yüz minlərlə insan küçələrə axışdı, istefalar başlandı
Yayınlanma tarixi: 27.03.2023 11:35:33

Benyamin Netanyahu mübahisəli məhkəmə islahatına son qoymağa çağıran müdafiə naziri Yoav Gallantı istefaya göndərib.

İsrail hökumətinin məhkəmə islahatlarına qarşı reaksiyalar günü-gündən artır.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, baş nazir Benyamin Netanyahu mübahisəli məhkəmə islahatına son qoymağa çağıran müdafiə naziri Yoav Gallantı istefaya göndərib.

Baş nazir Netanyahuya cavab olaraq 600.000-dən çox hökumət əleyhdarı etirazçı ölkə daxilində, xüsusən də Təl-Əviv və Qərbi Qüdsdə küçələrə axışaraq, məhkəmə islahatına qarşı etirazlardan geri çəkilməyəcəklərini ifadə ediblər. Polislə nümayişçilər arasında əlbəyaxa dava yaşanıb.

Nümayişçilər paytaxt Təl-Əvivdə Ayalon şossesini nəqliyyatın hərəkətinə bağlayaraq, ora od vurublar. Təl-Əvivdən kənarda çoxlu sayda insan Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında toplaşıb.

Nümayişçilər Netanyahunun evinin yaxınlığındakı barrikadanı dağıdıblar. Burada da nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Ölkənin cənubunda Beersheba və şimalında Hayfada yüzlərlə insan küçələrə axışıb. Polislə nümayişçilər arasında gərginlik hər yerdə artarkən, bəzi bölgələrdə polis təzyiqli su ilə nümayişçilərə müdaxilə edib.

Digər tərəfdən, İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına cavab olaraq istefa verib.

İsrailin keçmiş baş naziri Bennet öz Tvitter hesabında "İsrail Yom Kippur müharibəsindən bəri hər zamankindən daha böyük təhlükə altındadır" deyə şərh edərək, mübahisəli məhkəmə qaydalarının yaratdığı siyasi böhrana diqqət çəkib.

GÜNÜN MANŞETLERİ