"Tehranda əmrin verilməsini gözləyirlər: hələ istifadə olunmamış gizli arsenal Qərbdə narahatlıq yaradır" - İsrailin Maariv qəzeti bu başlıqla məqalə yayımlayıb
İslamazeri.com-un xəbər verir ki, İsrailin Maariv qəzetinə görə, İran hələ məlum olmayan və istifadə edilməmiş raketlər, pilotsuz uçuş aparatları və qanadlı raketlər saxlayır. Qərbdə həmçinin husilərin qoşulmasından və münaqişədən kənarda yatmış hüceyrələrin aktivləşdirilməsindən narahatlıq var.
Qəzet yazır ki, İran ilə İsrail və ABŞ arasında müharibə artıq dördüncü həftəsinə daxil olub və Tehranda siqnal verilir ki, ciddi zərbələrə baxmayaraq, rejimin əlində hələ də tam istifadə olunmamış əhəmiyyətli “kartlar” qalır. Xarici məlumatlara görə, İran yeni hərbi imkanlarını göstərməyə davam edir — bunlara tam istifadə olunmamış raketlər, qabaqcıl pilotsuz aparatları, gəmilərə qarşı qanadlı raketlər, həmçinin sərhədlərdən kənarda silahlılar və müttəfiqlərin aktivləşdirilməsi imkanı daxildir.
Məlumata görə, İranın imkanlarının genişləndiyini göstərən ən diqqətçəkən əlamətlərdən biri ABŞ-Böyük Britaniya bazası olan Dieqo Qarsiyaya atəş açılması olub. Bu addım təxminən 4,000 km məsafə tələb edirdi — bu isə Tehranın atəş məsafələri ilə bağlı əvvəlki qiymətləndirmələrdən xeyli artıqdır. Paralel olaraq, İran bu həftə ilk dəfə “Hacı Qasım” adlı orta mənzilli ballistik raketi işə salıb, hansı ki, təxminən yarım tonluq döyüş başlığı daşıyır. Daha ağır “Xorrəmşəhr-4” raketi isə son atəş dalğalarında daha çox sayda istifadə olunub. Tehranda siqnal verilir: bütün kartlar hələ açılmayıb.
İnsan qüvvəsi və hərbi infrastruktura dəyən zərərlərə baxmayaraq, İran rəsmiləri özünə inam nümayiş etdirməyə davam edir. İnqilab Keşikçilərinin quru qoşunlarının komandanı Məhəmməd Kərimi bu həftə bildirib ki, İran bu müharibədə əvvəllər istifadə etmədiyi silah vasitələrindən istifadə edir və yaxın günlərdə əlavə sistemlərin təqdim olunacağına işarə edib.
Maariv qəzeti yazır ki, İran “aşağı intensivlikli tükəndirmə müharibəsi” strategiyasını həyata keçirir. Bu strategiyanın məqsədi İsraili, ABŞ-ı və Körfəz ölkələrini tədricən yoraraq zəiflətmək, eyni zamanda daha keyfiyyətli vasitələri sonrakı mərhələ üçün qoruyub saxlamaqdır.
Ballistik raketlərlə yanaşı, İran böyük həcmdə qanadlı raket ehtiyatına da malikdir, o cümlədən gəmi əleyhinə versiyalar. Bu raketlər xüsusilə Hörmüz boğazı kimi sıx bölgədə effektiv ola bilər - əgər hərbi və ya mülki gəmilər dəniz blokadasını yarmağa cəhd etsələr.
ABŞ isə bu təhlükədən xüsusilə narahat olduğunu bildirir. Bu, boğazın sahil xətti boyunca həyata keçirdiyi zərbələrdən də görünür - onların sözlərinə görə, bu zərbələr gəmi əleyhinə qanadlı raketlərin yerləşdirilməsinə zərbə vurmaq məqsədi daşıyır.