İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır.
İsrail ordusu Livanın cənubunda yerləşən yaşayış məntəqələrindəki yaşayış infrastrukturunu sistemli şəkildə dağıdır.
İslamazeri.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Livandakı hərbi-səhra mənbəsi məlumat yayıb.
İşğalçı qüvvələr yaşayış məhəllələrində çoxsaylı genişmiqyaslı partlayışlar törədib və artilleriya atəşləri açıb. Hücumlardan zərər çəkən yaşayış məntəqələri arasında Xodeyta və Əl-Qantara da var. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Deyr əs-Siryan yaşayış məntəqəsinin ətrafını da bombalayıb.
İşğalçı qüvvələrin ağır artilleriyası həmçinin Vadi əl-Huceyr ərazisi, Əli ət-Tahər yüksəkliyi, Zautara əş-Şərqiyyənin, Kfar-Tibnitənin və Əl-Mansurinin kənarları da daxil olmaqla bir sıra yaşayış məntəqələrinə zərbələr endirib.
Mənbənin sözlərinə görə, İsrail hərbçiləri evlərin sökülməsi, yolların və digər sosial infrastrukturun dağıdılması zamanı ağır mühəndis texnikasından istifadə edir. Bundan başqa, Hiyam və Xodeytada hücum edən tərəf evləri yandırıb, Zautara əş-Şərqiyyə, Məcdəl-Zun, Əl-Qantara və Bəni-Həyyaneydə isə yaşayış binaları və infrastruktur partlayışlar nəticəsində məhv edilib.
Qeyd olunur ki, ötən həftə İsrail Livanın cənubunda yerləşən tarixi Şkif qalası ərazisində keçirdiyi əməliyyatlar zamanı təxminən 700 ton partlayıcı maddədən istifadə edib. Bundan əvvəl İsrailin Livanın cənubunda yandırıcı sursatlardan istifadə etdiyi və bunun nəticəsində genişmiqyaslı yanğınların baş verdiyi barədə məlumat verilmişdi.