İran xaricdəki vətəndaşlarına avtomobil gətirmək icazəsi verdi

İran xaricdəki vətəndaşlarına avtomobil gətirmək icazəsi verdi
Yayınlanma tarixi: 22.12.2025 21:44:47

İran xaricdə yaşayan ölkə vətəndaşlarının şəxsi istifadə üçün ölkəyə avtomobil gətirmə qaydalarını dəyişib

İslamazeri.com xəbər verir ki,  İranın Sənaye, Mədən və Ticarət Nazirliyi xaricdə yaşayan ölkə vətəndaşlarının şəxsi istifadə üçün ölkəyə avtomobil gətirmə qaydalarını rəsmən açıqlayıb. Yeni qaydalara əsasən, 18 yaşına çatmış və müəyyən edilmiş tarixlərdə xaricdə iqamət edən şəxslər, yaşı 5-dən çox olmayan bir ədəd avtomobili valyuta transferi olmadan İran bazarına daxil edə biləcəklər.

Nazirliyin Avtomobil Sənayesi İdarəsinin baş direktoru Məhəmmədəli Hacızadə bildirib ki, bu imkandan 10 iyun 2025-ci il tarixinədək xaricdə iqamət edənlər yararlana bilər. Əsas şərt isə gətiriləcək avtomobilin 2 dekabr 2025-ci il tarixinədək həmin şəxsin mülkiyyətində olmasıdır. Qeydiyyat prosesi 20 mart 2026-cı il tarixinədək "Mixək" (Mikhak) sistemi vasitəsilə həyata keçirilməlidir.

İdxal edilən nəqliyyat vasitələri həm yeni, həm də işlənmiş ola bilər, lakin onların istehsal ili 5 ildən köhnə olmamalıdır. Maraqlı məqamlardan biri odur ki, yürüşü 99 kilometri keçən işlənmiş avtomobillər rəsmi zəmanət (qarantiya) şəhadətnaməsi almaq məcburiyyətindən azad edilib. Bu, işlənmiş maşınların sənədləşmə prosesini sürətləndirmək məqsədi daşıyır.

Nazirlik bəzi məhdudiyyətlərin dəyişməz qaldığını vurğulayıb. Belə ki, sağ sükanlı avtomobillərin və mənşəyindən asılı olmayaraq bütün Amerika brendlərinə məxsus nəqliyyat vasitələrinin İrana gətirilməsi qəti qadağandır. Həmçinin, hər bir vətəndaşın yalnız bir ədəd avtomobil idxal etmək hüququ var.

Bu avtomobillərin qeydiyyatı xüsusi rejimdə — "valyuta transferi olmadan" həyata keçiriləcək. Bu o deməkdir ki, vətəndaşlar avtomobili almaq üçün İranın daxili valyuta bazarından deyil, xaricdəki şəxsi vəsaitlərindən istifadə etməlidirlər. Sifarişlərin qeydiyyatı ixrac-idxal qaydalarının müvafiq bəndlərinə uyğun olaraq tənzimlənəcək.

GÜNÜN MANŞETLERİ