İran Küveytə nota verdi: Saxlanılan şəxslər dərhal azad edilsin.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Küveyt rəsmilərinin İranın Küveytə qarşı düşməncəsinə fəaliyyət planlaşdırdığı ilə bağlı iddialarını rədd edərək, saxlanılan İran vətəndaşlarına konsulluq çıxışı verilməsini və onların azadlığa buraxılmasını tələb edib.
İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Küveytin Xarici İşlər və Daxili İşlər nazirliklərinin İranın Küveytə qarşı düşməncəsinə fəaliyyət planlaşdırdığı yönündəki iddialarının əsassız olduğu bildirilib.
Bəyanatda qeyd olunub ki, adi dəniz patrulu xidməti çərçivəsində fəaliyyət göstərən və naviqasiya sistemində yaranmış nasazlıq səbəbindən Küveytin ərazi sularına daxil olan dörd iranlı əməkdaş barədə Küveyt hökumətinin siyasi və təbliğat xarakterli mövqe sərgiləməsi sərt şəkildə pislənib.
İran Xarici İşlər Nazirliyi bəyanatın davamında İranın, başda Küveyt olmaqla bütün region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsini əsas siyasət prinsipi kimi qəbul etdiyini xatırladıb.
Nazirlik həmçinin Küveyt rəsmilərindən tələsik açıqlamalardan və əsassız ittihamlardan çəkinmələrini, mövcud məsələləri rəsmi diplomatik kanallar vasitəsilə izləmələrini gözlədiklərini ifadə edib.
Bəyanatın sonunda isə beynəlxalq hüquq çərçivəsində Küveytdəki İran səfirliyinin saxlanılan İran vətəndaşlarına ən qısa zamanda çıxış əldə etməsinin vacibliyi vurğulanıb və həmin şəxslərin dərhal azadlığa buraxılmasına çağırış edilib.