İran: ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki hərbi bazalar hədəf alındı

İran: ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki hərbi bazalar hədəf alındı
Yayınlanma tarixi: 6/6/2026 10:30:12 AM

İran: ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki hərbi bazalar hədəf alındı.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), ABŞ-ın Sirik və Keşm istiqamətində həyata keçirdiyi hücumlardan sonra Küveyt və Bəhreyndəki Amerika hərbi məntəqələrinə ballistik raket zərbələri endirildiyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib ki, ABŞ qüvvələrinin Sirik və Keşm adası bölgələrinə hücumlarından sonra bölgədəki Amerika hərbi hədəflərinə cavab tədbirləri görülüb.

Açıqlamaya görə, yerli vaxtla saat 01:30-da dörd neft tankeri ABŞ ordusunun yönləndirməsi ilə və lazımi koordinasiya təmin edilmədən Hörmüz boğazından keçməyə cəhd edib. İran qüvvələrinin xəbərdarlıqlarından sonra tankerlərdən birinin vurularaq dayandırıldığı, digər gəmilərin isə geri qayıtdığı bildirilib.

İnqilab Keşikçiləri hadisədən qısa müddət sonra ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının Keşm və Sirikdəki rabitə qüllələrini hədəf aldığını iddia edib.

Bəyanatda qeyd olunub ki, buna cavab olaraq Küveytdə yerləşən Əli Əl-Səlim Hərbi Hava Bazası, eləcə də Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasına aid bəzi obyektlər İran İnqilab Keşikçilərinin Hava-Kosmik Qüvvələri tərəfindən ballistik raketlərlə vurulub.

İnqilab Keşikçiləri açıqlamasında həmçinin xəbərdarlıq edib ki, ABŞ oxşar addımları təkrarlayacağı təqdirdə veriləcək cavab daha genişmiqyaslı olacaq. Bundan əlavə, Hörmüz boğazının tamamilə bağlanması ehtimalına da işarə edilib.

GÜNÜN MANŞETLERİ