İmam kimdir?

İmam kimdir?
Yayınlanma tarixi: 2/4/2026 11:51:12 AM

İmam kimdir?

İslamazeri.com: İslam ümmətinin hamılıqla qəbul etdiyi bir məsələ var: Müsəlmanlar başsız qala bilməz və Peyğəmbərdən (sallallahu aleyhi və alih) sonra mütləq bir rəhbər olmalıdır və bu Qiyamətə qədər davam etməlidir. Bunu həm ağıl, həm də dini mənbələr təsdiq edir ki, pərakəndəlik və iğtişaşların qarşısını almağın yeganə yolu, ümmətə bir nəfərin rəhbərlik etməsidir. Elə tarixi hadisələr də bunu təsdiqləyir. Bəs bu şəxs kim olmalıdır? İslam ümmətinin imamı necə seçilir, kim seçir? İmamın bir neçə xüsusiyyətləri olmalıdır ki, onu digər insanlardan fərqləndirir. İmam ümmətin içində öz elmi, şücaəti, imanı və s. ilə fərqlənməlidir. Çünki o, xəlifədir. Xəlifə isə o şəxsdir ki, Allah Rəsulunu (s.a.a) əvəz edir və Onun yerində rəhbərlik edəcək. Bu səbəbdən də, Rəsulullahın (s.a.a) imamlıq proqramını layiqincə davam etdirəcək biri olmalıdır. Qısacası, Rəsulullahın (s.a.a) xüsusiyyətlərini daşıyacaq biri. Çünki İslam dini Adəm əleyhissalamdan ta Qiyamətə qədər Allahın müəyyən etdiyi bir proqramdır və Allah növbə ilə insanlara öz tərəfindən rəhbərlər göndərərək bu proqramı davam etdirmişdir. Əhli-sünnətə görə Peyğəmbər (s.a.a) özündən sonra heç kəsi təyin etməmiş, müsəlmanları ta Qiyamətə qədər özbaşına buraxmışdır. Amma onlara görə bu o qədər vacib bir məsələ idi ki, müsəlmanlar hətta Peyğəmbəri dəfn etməmiş tələm-tələsik xəlifə seçməyə qaçmış və bir qrup insanla istədikləri şəxsi xəlifə seçmişlər. Ancaq bu onların imam seçməkləri üçün yeganə yol deyildi. Onlara görə bir nəfər də özündən sonra başqasını təyin edə bilər, ya da hansısa şuraya bu işi tapşıra bilər. Allahın yox, insanların təyin etdiyi imamın vahid seçilmə metodu yoxdur, vəziyyətdən asılı olaraq dəyişir. Peyğəmbər Əhli-Beytinin (s.a.a) tərəfdarları isə imamın istisnasız olaraq Allah tərəfindən təyin olunmasını deyirlər. (Bunları müqayisəli şəkildə iki sütunda yaza bilərsən, sünnilərə görə imam seçimi və şiəyə görə imam seçimi). Mövzunun davamı olaraq, hər dövrdə mütləq Allah tərəfindən təyin olunmuş bir İmamın mövcudluğuna aid dəlilləri sıralaq:

1. Ən əsas dini mənbəmiz Qurani Kərimə görə də, Allah heç vaxt öz dininin rəhbərliyini insanların öhdəsinə buraxmayıb və həmişə dini rəhbərləri Özü təyin edib. (Bu ayələri oxumasın, sadəcə kadrda göstərilsin)

“… Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”. (İbrahim) dedi: “Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz”. (Bəqərə surəsi, ayə 124).

“Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. (Ənbiya surəsi, ayə 73).

“Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. Səcdə, 24

2. Əvvəldə də qeyd etdiyimiz kimi, Rəsulullahdan (s.a.a) sonra bu ilahi proqram davam etməlidir və Rəsulullahın yerində əyləşəcək biri, Onun vəzifələrini davam etməlidir. Məsələn, Qurani Kərimə görə Rəsulullah (s.a.a) ayələri izah edir və insanların suallarına cavab verirdi, onların ixtilaflarını aradan qaldırırdı. (“Biz Kitabı sənə yalnız ixtilafda olduqları məsələləri izah edəsən deyə, möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” Nəhl, 63) Bu suallar və ixtilaflar da Qiyamətə qədər davam edəcəkdir və yalnız Rəsulullah (s.a.a) kimi ilahi rəhbər onları izah edə və aradan qaldıra bilər.

3. İblis kimi elmli və hiyləgər varlıq hamıya yol tapa bilər, Allahın qoruduğu məsumlardan başqa. İblis varsa onun müqabilində ondan daha elmli və onun planlarını öncədən biləcək səviyyədə biri hər dövrdə lazımdır ki, insanlar azmasın. Küfr ordusunun başında İblis varsa İman ordusunun başında Allahın seçdiyi rəhbər olmalıdır. İnsanların seçiminə isə İblis müdaxilə edə bilər və heç kəs həmin rəhbərin daxilində nə olduğunu bilməz.

4. İnsanları islah etmək üçün nümunəvi bir şəxsə, etalona ehtiyac vardır. Bu cür məsum şəxs hər dövrdə olmalıdır ki, kamil insanın necə olmalı olduğunu insanlara göstərsin və dini bütün vücudu ilə yaşasın. Rəsulullah (s.a.a) özü belə bir nümunə idi. Onu əvəz edəcək İmam da gərək Onun kimi günahdan uzaq və gözəl nümunə olsun.

5. “İtaət edin Allaha və itaət edin Rəsuluna və içinizdən olan əmr sahiblərinə.” Nisa surəsi, 59-cu ayə. Burada Rəsula və ulil əmrə itaət edin deyir. Əmr sahibləri hər kimdirsə, onlara itaətlə Rəsula itaətin keyfiyyəti eynidir, qeyd-şərtsiz. Bu isə ancaq Məsum ola bilər. İnsanlar belə bir şəxsi haradan bilə bilər?
6. Qurani Kərimə əsasən, Qədr gecəsində mələklər və Ruh nazil olarlar. Peyğəmbərin (s.a.a) dövründə ona nazil olardılar. Ancaq Qədr gecəsi Qiyamətə qədər mövcuddur, bəs indi onlar kimə nazil olur?
7) Səqəleyn hədisi: "Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer üzünə uzanmış ip olan Allahın kitabı, digəri itrətim, Əhli-beytimdir! Onlar “Kövsər” hovuzunda mənə qovuşanadək, bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz!"
"Camius səhih Sünəni Tirmizi", cild 5, səh. 662, hədis 3788
"Sünnə", İbni Əbi Asim, 1555

Bu hədisə əsasən, Qiyamət gününə qədər Qurandan ayrılmayacaq bir Əhli-Beyt (ə) üzvü mütləq olmalıdır ki, ondan yapışan heç vaxt azmasın.
8) “O gün hər qövmü öz imamı ilə çağırarıq.” İsra surəsi, 71-ci ayə.

Sünni və şiə alimlərinə əsasən, bu ayəyə görə mütləq hər qövm öz imamı ilə Qiyamətə gələcək.
Bizim yanımızda bu ayə barədə deyilən sözlərdən ən yaxşısı budur ki deyilir: O gün ki hər qövm dünyada iqtida etdiyi və tabe olduğu imamı ilə çağırılacaq.

Camiul-Bəyan təfsiri, Təbəri, İsra 71 təfsiri (Əhli-xilaf mənbəsi)

İbn Abbas: "Zəmanə imamları ilə ki, onları hidayətə yaxud zəlalətə doğru çağırıblar. Allah deyir:"Onları əmrimizə doğru hidayət edən imamlar qərar verdik." və deyir: "Onları oda çağıran imamlar qərar verdik." "

Bəğəvi təfsiri, İsra 71-in təfsiri (Əhli-xilaf mənbəsi)

Bu ayəyə əsasən, hər bir dövrdə mütləq bir hidayət imamı olmalıdır.
9. “Hər kəs bir imamı olmadan ölərsə cahiliyyə ölümü ilə ölmüşdür.”
“Musnəd”, Əhməd ibni Hənbəl, hədis 16876
“Məcməuz-zəvaid”, Heysəmi, cild 5, səh. 224
Bütün müsəlmanların qəbul etdiyi bu hədisə, hər bir insanın mütləq bir imama beyət etməsi vacibdir, yoxsa cahiliyyə ölümü ilə ölmüş olar. Cahiliyyə dövrünün isə küfr, fəsad və zəlalət dövrü idi.
10. İmam Sadiq (ə) buyurur: "Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar,onu bərpa edər."
“Üsuli-kafi”, c.1, səh.178-179, 1-ci bölüm, hədis 2 və 6
İmam Əli (ə): "Yer üzü heç vaxt ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!"
“Nəhcül-bəlağə”, Seyyid Rəzi, xütbə 147
Bu məsələ sünni alimləri tərəfindən də qeyd edilmişdir:
"Həzrət İsanın (ə) dünyanın sonunda və Qiyamətə yaxın vaxtda bu ümmətdən olan bir kişinin arxasında namaz qılması, “Yer üzü heç vaxt Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır” rəvayətlərinin səhihliyinə dəlildir. Allah daha yaxşı bilir."
"Fəthul-Bari şərh Səhih əl-Buxari", İbni Həcər Əsqəlani, Peyğəmbərlər kitabı, 3265-ci hədisin şərhi.

Xülasə olaraq, Allah heç vaxt insanları özbaşına buraxmayıb və təyin etdiyi rəhbərlər də həmişə özlərindən sonra başqa bir ilahi rəhbəri insanlara tanıdıblar. Rəsulullah (s.a.a) da bundan istisna deyil. Hətta əhli-sünnə mənbələrində də ümmətdə sadəcə 12 xəlifənin olacağı barədə hədislər var:
Məsruk dedi ki: Abdullah ibn Məsudun yanında oturmuşduq və o bizə Quran oxuyurdu. Birisi ona belə dedi: "Ey Əbu Əbdurrəhman! Rəsulullahdan soruşdunuz mu özündən sonra ümmətində neçə dənə xəlifə gələcək ?" Abdullah ibn Məsud dedi ki: "Mən İraqa gələndən bəri bu sualı məndən sadəcə sən soruşdun. Bəli, Rəsulullahdan soruşudq, buyurdu ki: "On iki adam, İsrail Oğullarının naqibləri kimi "
“Musnəd”, Əhməd ibni Hənbəl, 6/321
Cabir belə deyib : Atamla birlikdə Peyğəmbərin (s.a.a) yanına daxil oldum. Və onu: "Həqiqətən bu iş onların aralarında on iki xəlifə gələnə qədər bitməyəcəkdir !" buyurarkən eşitdim. Sonra mənə gizli qalan bir sözü danışdı. Dərhal atama : - Nə dedi ? deyə soruşdum. - "Hamısı Qureyşdəndir" (buyurdu) dedi.
“Səhih”, Muslim, Əmirlik kitabı, 1821-ci hədis
Bu hədislərdən görünür ki, “bu iş” dedikdə İslam nəzərdə tutulur, nə qədər ki, İslam var, ta Qiyamətə qədər xəlifələrin sayı 12-dir, nə az, nə çox.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Bütün müsəlmanlar qəbul edir ki, Qiyamətdən öncə həmin 12-ci xəlifə olacaq və o, Peyğəmbərin (s.a.a) nəslindən olan Məhdidir ki, dünyanı ədalətlə dolduracaqdır. Hamı bilir ki, Məhdini Allah seçir, camaat yox. Bəs necə ola bilər ki, birinci xəlifəni insanlar seçsin, amma sonuncunu Allah? Nəyə görə camaat yığışıb Məhdi seçmir? Düzdür, bu iddiada olanlar tarixdə çox olub, səbəbi isə odur ki, sünnilərə görə Məhdi qeyri-müəyyən bir şəxsdir, adı və atasının adı uyğun gələn istənilən adam durub iddia edə bilər ki, “Mən Məhdiyəm”. Bu da bir çox fəsadlara səbəb olmuşdur. Ancaq şiəyə görə Məhdi, konkret real bir şəxsdir ki, heç kəs Onun yerinə iddia edə bilməz, üstəlik o ilahi nişanələrlə kömək olunmuşdur, məsələn, elə Həzrəti İsa əleyhissalamın Yer üzünə enib Ona beyət etməsi də Onu saxta məhdilərdən fərqləndirəcəkdir. İlahi, Onun zühurunu tezləşdir və insanların çətinliklərinə Onun əli ilə son qoy...

GÜNÜN MANŞETLERİ

İsrail fələstinlilərin çadırlarına hücum edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail fələstinlilərin çadırlarına hücum edib

2/4/2026 1:30:00 PM
Müəmmar Qəddafinin böyük oğlu öldürülüb
DÜNYA / MARAQLI

Müəmmar Qəddafinin böyük oğlu öldürülüb

2/4/2026 12:46:59 PM
İmam kimdir?
DİN

İmam kimdir?

2/4/2026 11:51:12 AM
ABŞ-İran danışıqları Omanda keçiriləcək
DÜNYA / SİYASƏT

ABŞ-İran danışıqları Omanda keçiriləcək

2/4/2026 11:36:18 AM