İmam Hüseynin (ə) mübarək mövlud günüdür

İmam Hüseynin (ə) mübarək mövlud günüdür
Yayınlanma tarixi: 24.02.2023 10:02:05

Bu gün İmam Hüseynin (ə) mübarək mövlud günüdür.

İslamazeri.comBu gün, şaban ayının 3-ü (Fevralın 24-ü) haqsızlığa qarşı mübarizəsi ilə məşhur olan üçüncü İmam Həzrət Hüseynin (ə.s) mövlud günüdür. İmam hicrətin 4-cü ilində Mədinə şəhərinin Hicaz əyalətində dünyaya gəlmişdir. Həzrəti Hüseyn (ə.s) İmam Əlinin (ə.s) və Xanım Fatimeyi-Zəhranın (s.ə) övladı, İmam Həsənin (ə.s) və Həzrəti Əbəlfəzlin (ə.s) qardaşıdır.

İmam (ə.s) 7 yaşınadək babası Məhəmməd Peyğəmbərlə (s), Peyğəmbərin (s) vəfatından sonra isə 32 il atası İmam Əli (ə.s) ilə yaşayıb. İmam Əlinin (ə.s) hakimiyyəti dövründə fəal iştirak edib. Atasının şəhadətindən sonra qardaşı İmam Həsənlə (ə.s)  birgə çalışıb. Qardaşından sonra Müaviyənin hakimiyyəti dövründə Həzrət (ə.s) 10 il ərzində üzərinə düşən vəzifələri icra edib. Müaviyə öləndən sonra onun yerinə oğlu Yezid keçib. İmam Hüseyn (ə.s) inqilab edib və hicrətin 61 ilində, məhərrəmin 10-u Kərbəla döyüşü zamanı şəhid olub.

Ümmü Sələmə nəql edir: Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə) qucağına alıb ağlayırdı. Ondan nə üçün ağladığını soruşdum. Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra əlimə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq qana döndü, bil ki, Hüseyni şəhid ediblər.

Allahın Peyğəmbərinin (s) İmam Hüseyn (ə.s) haqqında buyurduqları: ”Hüseynə gəldikdə, o, məndəndir. O, mənim oğlum və balamdır. O, qardaşından sonra insanların ən yaxşısıdır. O, müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə, məndəndir və kim ona qarşı itaətsizlik etsə, məndən deyil”.

GÜNÜN MANŞETLERİ