Yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır
Günahı təkrar etmək insanın qəlbini qaraldır, onu insani xislətlərdən çıxarıb heyvani xüsusiyyətlərə malik edir və başqa böyük günahlara zəmin yaradır. Misal üçün: birinci dəfə şərab içən şəxs müsəlman olduğu üçün çox çətinlik çəkir. İkinci dəfə isə bu iş onun üçün bir az asanlaşır. Amma bu işi çox təkrar etdikdən sonra şərab içmək onun üçün su içməkdən də asan olur. Deməli, günahı təkrar etmək, hətta böyük günahları da insan üçün asanlaşdırır.
«Nəhl» surəsinin 108-ci ayəsində oxuyuruq:
«Onlardır (Kafirlərdir) ürəyinə, qulaqlarına, gözlərinə Allahın (qıfıl) vurduğu kəslər. Məhz onlardır qəflətdə olanlar».
«Səff» surəsinin 5-ci ayəsində oxuyuruq:
«Onlar haqq yolundan münhərif olan zaman, Allah da onların qəlbini dəyişdirdi».
«Rum» surəsinin 10-cu ayəsində oxuyuruq:
«Pis işlər görən şəxslərin əməli o yerə çatdı ki, Allahın (göndərdiyi) ayələri təkzib etdilər və onu məsxərəyə qoydular».
Bəzi zalım şəxslərin çoxlu günah və zülm etmək nəticəsində, haqqı inkar edib kafir olması hallarına tarixdə çox rast gəlinibdir. Bunların hamısı günahın təsiri nəticəsində baş verən hadisələrdir. Əksi isə belədir: yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır. Bu barədə bir neçə hədisə diqqət yetirək:
İmam Sadiq (ə) buyurur:
«Günahdan çox insanın qəlbini fasid (xarab) edən bir şey yoxdur. Qəlb günah edir. O günahı təkrar edir. Nəticədə alt-üst olur».
İmam Kazim (ə) buyurur:
«İnsan günah edən zaman onun qəlbində qara bir nöqtə yaranır. Bu günaha görə tövbə etməsə və etdiyi günahlarını artırsa, o qara nöqtə də böyüyüb ləkəyə çevrilir. Belə ki, axırda onun bütün qəlbi qaralır. Bundan sonra isə o daha səadətə yetişmir.»
İmam Əli (ə) buyurur:
«Təkcə qəlbin bərkliyi nəticəsində gözlərin yaşı quruyur. Qəlbin bərkliyi isə çoxlu günahların təsiri nəticəsindədir»
Ümumiyyətlə, insanın başına gələn bütün mənəvi və cismi bəlalar, günahlardan qidalanır.
İmam Baqir (ə) buyurur:
«Bəndəyə yalnız günahdan ötrü narahatlıq və bəla yetişər».