"Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur".
"Biz Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviqi üçün birgə səylərimizi əsirgəməyəcək, beynəlxalq əhəmiyyətli forumlar təşkil edəcək, müqəddəs bayramlarımızı birgə keçirəcək, türk dövlətlərimizin dini və mənəvi mühitinə müdaxilələrin, dindən hər hansı məqsədlər üçün sui-istifadə hallarının, hər hansı ideoloji təxribatların qarşısını birgə səylərlə alacağıq".
İslamazeri.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Dünyada islamofobiya və türkofobiya meyillərinin qarşısının alınması yönündə həyata keçirilən işlərdə fəal iştirak, türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği Şuramızın bir Mərkəz olaraq üzərinə düşən vəzifələrdəndir.
"Türk Dövlətləri olaraq bu günə gələn yollarımız asan olmayıb. Dövlət müstəqilliyimiz yolunda, ərazi bütövlüyümüz uğrunda minlərlə övladlar canlarını fəda ediblər. Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur. Bu sırada, Qarabağın azadlığı uğrunda Vətən müharibəsi şəhidlərinə Allah-Təaladan rəhmət, qazilərə şəfa diləyək. Onlar öz qanları ilə əzəli, ata-baba torpaqlarımızı işğaldan azad etdilər, məscid və məbədləri əsarətdən qurtardılar, mədəni-mənəvi irsimizi xilas etdilər. Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətinin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır".