DYP yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib

DYP yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib
Yayınlanma tarixi: 19.12.2022 10:18:15

DİN-in Baş DYP İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib.

Qurumdan "İslamazeri.com""a daxil olan müraciətdə bildirilir:

Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.

GÜNÜN MANŞETLERİ