DYP teleseriallarla bağlı media subyektlərinə müraciət edib

DYP teleseriallarla bağlı media subyektlərinə müraciət edib
Yayınlanma tarixi: 25.01.2023 10:02:43

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) teleseriallarla bağlı media subyektlərinə müraciət edib.

BDYPİ-dən "İslamazeri.com"a daxil olan müraciətdə deyilir:

"Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də hazırda bu sahədə icra olunan Dövlət Proqramında televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması tələbi təsbit edilmişdir.

Lakin təəssüf ki, bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyada heç bir əlavə şərh verilmədən yayımlanmasının şahidi oluruq.

Aktyorların, cəmiyyətdə tanınmış şəxslərin iştirakı ilə hazırlanan belə audiovizual əsərlərin yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılması, onlarda analoji qəbahətlərə yol vermək həvəsi yaratması, eləcə də bu kimi neqativ təzahürlərin yetişən gənc nəsilin yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi belə halların yolverilməz olduğunu qeyd edir və bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırır".

GÜNÜN MANŞETLERİ