Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullyayev deyib.
“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”.
İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullyayev deyib.
Deputat bildirib ki, təmsil etdiyi İmişli rayonunda neçə aydır, yalnız texniki işlər üzrə 38 vakansiya var: “Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, Elm və Təhsil Nazirliyində nazirlə danışmaq problemi yoxdur. İl yarım öncə hörmətli nazirdən kimsəsiz xanım üçün xahiş etmişəm, onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Lakin vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar? Onu da deyim ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilirəm. Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.
Sədr Sahibə Qafarova isə bildirib ki, nazir Emin Əmrullayev çox açıq adamdır: “Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi haqqında belə danışmaq düzgün deyil”.