Cümə məscidlərində qadın dini ayin icraçılarının sayı artırılacaq.
Əsas Cümə məscidlərində qadın dini ayin icraçılarının sayı artırılacaq.
İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, cəmiyyətimizdə xanımlar əhəmiyyətli yer tutur. Ona görə də dini mərasimlərdə fəaliyyət göstərən qadınlar mütləq dini təhsilli şəxslər olmalıdır.
“Artıq 15-ə yaxın məscidə qadın dini ayinlərin icraçısı təyin edilib. Bunların sayı əsas Cümə məscidlərində artırılacaq. Qadın dini ayinlərin icraçısı imam funksiyasını yerinə yetirmir. Bəzən sosial şəbəkədə bilməyənlər və yaxud komitənin və bu siyasəti gözdən salmaq istəyənlər "indi bizə qadın imamlıq edəcək" deyirlər. Əlbəttə, qadın məsciddə fətva verməyəcək, moizə oxumayacaq, namaz idarə etməyəcək. Qadın dini ayin icraçısı imamın tapşırığı ilə qadınlar bölməsində qadınları maraqlandıran məsələlər, islami dəyərlərlə bağlı izahat işi aparacaq, fikirlər səsləndirəcək, İslama aid olan müxtəlif mərasimlərin idarə olunmasında iştirak edəcəklər”, - o qeyd edib.
Mübariz Qurbanlı din üzrə təhsilli mütəxəssisin, eləcə də təhsilli dini ayin icraçısı olan qadının heç vaxt xurafat və digər məsələlərə yer verməyəcəyini vurğulayıb.