Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Vaşinqton danışıqlarında biz bir addım irəli getdik.
İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı:
"Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, - o deyib.