BMT TŞ-a üzv dövlətlər İsrailə çağırış edib

BMT TŞ-a üzv dövlətlər İsrailə çağırış edib
Yayınlanma tarixi: 23.03.2023 18:04:04

BMT TŞ-a üzv dövlətlər İsrailə çağırış edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv dövlətlər İsrailin məskunlaşma fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğunu və bu bunun dərhal dayandırılması ilə əlaqədar çağırış edib.

İslamazeri.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə sessiyasında İsrail-Fələstin münaqişəsi və bölgədə artan zorakılıqla bağlı cari proseslər müzakirə edilib.

Sessiyaya videokonfrans vasitəsilə qoşulan BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland bildirib ki, müqəddəs Ramazan ayı, Pasxa və Pesah bayramlarının bir araya gəldiyi bu dövrdə bütün tərəflər gərginliyi artıracaq birtərəfli addımlardan çəkinməlidirlər.
Tor Vennesland həmçinin bu yaxınlarda işğal olunmuş İordan çayının qərb sahilində 4 qeyri-qanuni yaşayış məntəqəsinin yenidən açılmasına dair qanunu tənqid edərək liderləri bu həssas zamanda təxribatçı fəaliyyətlərə son qoymağa çağırıb.
Tor Vennesland: "İsrailin yaşayış məntəqələrinin heç bir hüquqi əsası yoxdur. Bunlar beynəlxalq hüququn və BMT qətnamələrinin açıq şəkildə pozulmasıdır. Mən İsrail hökumətini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və bütün yaşayış məntəqələri ilə bağlı fəaliyyətini dərhal dayandırmağa çağırıram". 
Bütün zorakılıq və terror aktlarını pisləyən Tor Vennesland günahkarların məsuliyyətə cəlb olunmasının və zoakılıq hadisələrinə son qoyulmasının vacibliyini vurğulayıb.
Vennesland müqəddəs məkanlarda yaşanan gərginlik və təxribat xarakterli addımlara görə narahat olduğunu deyib.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur isə Fələstin xalqının bu torpaqlarda uzun illər var olduğunu və varlığını davam etdirdiyini, bütün ağrı-acılara baxmayaraq var olacağını qeyd edib.

Keçən ilin İordan çayının qərb sahili üçün ''faciəli il'' olduğunu qeyd edən Mənsur çox uzun müddət ərzində əldə edilən hüquqların hər kəsin gözü qarşısında məhv edilməyə başladığına diqqət çəkib.

BMT Təhlükəsizlik Şurasının Fələstin xalqını müdafiə etməsinin vacibliyini vurğulayan Mənsur zorakılıq və təhriklərə son qoymaq üçün hər addımın atılmasının əhəmiyyətini qeyd edib.

Sessiya çərçivəsində çıxış edən və aralarında İngiltərə, İsveçrə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Yaponiya kimi üzvlərin yer aldığı nümayəndə heyətləri İsrailin qeyri-qanuni yaşayış məntəqələri ilə bağlı fəaliyyətini pisləyiblər.

İştirakçılar iki dövlətli həllin ən yaxşı variant olduğunu vurğulayıblar.

GÜNÜN MANŞETLERİ