BMT Sudanda ordu ilə xüsüsi təyinatlılar arasında aprelin 15-dən bu yana davam edən qarşıdurmalara görə 200 min insanın ölkəni tərk etdiyini açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsüsi təyinatlılar) arasında aprelin 15-dən bu yana davam edən qarşıdurmalara görə 200 min insanın ölkəni tərk etdiyini açıqlayıb.
BMT-nin Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
İclasda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Olqa Sarrado "Sudanda dördüncü həftədir davam edən münaqişə səbəbindən 200 minə yaxın insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Getdikcə daha çox insan sərhədi keçərək təhlükəsizlik axtarışındadır" deyib.
Yüz minlərlə insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayan Sarrado bir çox insanın əsas ehtiyaclarını ödəyə bilmədiyi üçün evlərinə qapandığını bildirib.
Sarrado əlavə edib ki, Sudanda bu fövqəladə vəziyyətə cavab vermək çətin və baha başa gəlir.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Xartum və digər şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verib.
Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.